Əli Əhmədov: "Qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasına çalışırıq"

"Azərbaycan son illərdə yüksək inkişaf templərinə görə dünyanın lider dövlətləri arasında olub. Son 10 il ərzində ölkəmizin ümumi daxili məhsulu 3 dəfədən çox artıb, 1 milyon 600 mindən artıq yeni iş yeri yaradılıb, əhalinin gəlirləri 5,2 dəfə, minimum əmək haqqı 3,5 dəfə, orta aylıq nominal əmək haqqı 3,8 dəfə artıb, işsizlik səviyyəsi 5 faiz səviyyəsində saxlanılıb".

 

APA TV-nin xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov “Formal məşğulluq sosial hüquqların reallaşdırılmasının şərti kimi” mövzusunda keçirilən konfrans zamanı deyib.

 

Nazir vurğulayıb ki, hazırda əmək bazarında qeyri-formal əmək münasibətlərinin mövcudluğu milli qanunvericilikdə dəqiq müəyyən olunan hüquq pozuntusu olaraq ölkədə əmək ehtiyatlarından səmərəli istifadə edilməsinə mənfi təsir göstərir. Layiqli əməyin dəstəklənməsi və nəticə etibarilə əmək məhsuldarlığının yüksəldilməsi üçün çətinliklər yaradır: "Qeydiyyatdan kənar çalışanların böyük əksəriyyəti özünüməşğul formasında çıxış edənlərdir. Bunların qeydiyyata alınması problemdir. Bu problemin həlli üçün beynəlxalq səviyyədə ayrı-ayrı ölkələrdə bu sahələrdə həyata keçirilən tədbirləri öyrənirik. Bununla bağlı dünyada bu sahədə aparıcı söz sahibi olan Beynəlxalq Əmək Təşkilatının ekspertləri bizə yaxından köməklik göstərir".

 

Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov isə bildirib ki, ölkədə insanların sosial hüquqlarının qorunması vacib məsələdir: "Əsas məsələlərdən biri məşğulluğun təmin edilməsidir. Burada sosial hüquqların qorunması da diqqətdən kənarda qalmamalıdır. Azərbaycanda bu sahədə çox ciddi işlər görülür. Əhalinin məşğulluq problemi tam həllini tapdıqdan sonra məşğulluğun statusu məsələsi həll ediləcək.  Azərbaycan hökuməti qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasına çalışır. Hökumət bu sahədə ciddi işlər görür. Qeyri-formal məşğulluqdan formal  məşğulluğa keçidlə yanaşı, biz insanların daha layiqli işlə təmin olunmasına çalışırıq".

  

Qeyd edək ki, bu gün  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə “Formal məşğulluq sosial hüquqların reallaşdırılmasının şərti kimi” mövzusunda konfrans keçirilib. 

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR