Qəbələdə meşə yanğınlarının söndürülməsi üzrə növbəti müşavirə keçirilib

Qəbələ rayonunda meşə ərazisində baş vermiş yanğınların söndürülməsi ilə əlaqədar rayonun Dandıx kəndinin ərazisində yaradılmış qərargahda növbəti əməliyyat müşavirəsi keçirilib.

 

APA TV-nin xəbərinə görə, qərargahın rəhbəri, fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin rəhbərliyi ilə keçirilən müşavirədə nazirliyin, Qəbələ rayon icra hakimiyyətinin rəhbər şəxsləri və aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak edib.

 

Müşavirədə çıxış edən nazir müavini Etibar Mirzəyev görülmüş operativ tədbirlər nəticəsində Qəbələ rayonunun Solquca, Abrıx və Dandıx kəndləri yaxınlığındakı meşəlik və hündür dağlıq ərazilərdə baş vermiş yanğınların tam nəzarətə alındığını və hazırda yanğınsöndürmə işlərinin əsasən bəzi çətin relyefə malik ərazilərdəki kiçik közərmə (tüstüləmə) sahələrində aparıldığını bildirib. Qeyd olunub ki, qərargahda təmsil olunan aidiyyəti dövlət qurumlarının birgə və səmərəli fəaliyyəti nəticəsində baş vermiş yanğınların ciddi fəsadlar törətməsinin qarşısı vaxtında alınıb, alovun yaşayış məntəqələrinə keçməsinə yol verilməyib.

 

Müşavirədə hazırda bir neçə sahədə quru ağac və kötüklərdə qeydə alınmış közərmələrin (tüstüləmənin) torpaqlama vasitəsilə söndürülməsinin mühümlüyü vurğulanıb. Qərargahın rəhbəri hazırda yanğınsöndürmə əməliyyatlarında Fövqəladə Hallar Nazirliyinin 630 nəfər şəxsi heyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 250 nəfər canlı qüvvəsinin, 30 polis əməkdaşının və 2 təcili tibbi yardım briqadasının iştirak etdiyini bildirib. O, yanğınsöndürmə əməliyyatlarına və ərazilərdə fasiləsiz olaraq növbə çəkilməsinə ümumilikdə 100-ə yaxın texnikanın cəlb olunduğunu da vurğulayıb.

 

Müşavirədə qarşıda duran digər məsələlər də müzakirə edilib.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov

OXŞAR XƏBƏRLƏR