Amerikada qasırğalar: Trampın hoteli, Abramoviçin villası su altında - OLİQARX ANBARDA GİZLƏNDİ

"İrma" qasırğası Amerika sahillərində insan itkisinə səbəb olub. APA TV-nin Rusiya mətbuatına məlumatına görə, Karib dənizində, Antil adalar qrupunun Fransaya məxsus hissəsində 6 nəfər həyatını itirib.


Bundan əlavə adada ciddi dağıntılar qeydə alınıb. Adanın 95 faizi dağılıb. Yerli hakimiyyət nümayəndələri küləyin gücündən şoka düşdüklərini etiraf ediblər.

Antil adalar qrupuna daxil olan Sen-Martenin Fransaya məxsus şimal hissəsində 37 min, Niderlanda aid cənub hissəsində isə 40 min insan yaşayır.

Fransa hökuməti ölənlərin sayını açıqlasa da, Niderland itkilər barədə məlumat vermir.

"İrma"nın sürəti hazırda bölgədə saatda 260 kilometrə çatır. Dənizdə dalğaların hündürlüyü 12 metrə çatıb. Demək olar ki, hər yeri su basıb.

Fəlakət bölgəsindən təxliyə edilməyən turistlərə hotellərdən çıxmamaq tövsiyə olunub. Aeroportlar fəaliyyətini dayandırıb.

Xatırladaq ki, bölgədə yerləşən, başda San-Bartolomeo adası məşhurların və oliqarxların istirahət yeri kimi tanınır. Adada Roman Abramoviçin villası və bahalı avtomobil kolleksiyasının saxlandığı qarajlar var. Bundan başqa, ABŞ prezidenti Donald Tramp da burada malikanə alıb. Ağ Ev rəhbərinin burada hotellər şəbəkəsinin olduğu və onların bir neçəsinin artıq su altında qaldığı deyilir. Bu da son deyil. Məşhur Hollivud ulduzları - Bryus Uillis, Conni Dep, Eddi Mörfi, teleaparıcı Opra Uinfri, eləcə də britaniyalı milyarder Riçard Brenson ciblərinə dəymiş ziyanı hesablamalı olacaqlar.

Yeri gəlmişkən, Riçard Brenson hazırda fəlakət bölgəsindədir. "Mən Neker adasında, betonlarla etibarlı şəkildə tikilmiş çaxır anbarımda gizlənəcəyəm" - deyə o, qeyd edib.

Bu arada meteoroloqlar həyəcanlı xəbərlər verməkdə davam edir. "İrma"nın bazar günü ABŞ-ın Florida ştatına çatacağı gözlənilir, digər tərəfdən yeni bir qasırğanın - "Katya"nın da bölgəyə yaxınlaşdığı proqnozlaşdırılır.  

Tüğyan edən qasırğalar bölgədə son 15 ilin ən dəhşətli təbii fəlakətləri hesab edilir. Ötən ay "Harvi" qasırğası ABŞ-da 60 nəfərin ölümünə səbəb olub, dövlət büdcəsinə isə 190 milyard dollar ziyan vurub.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR