Lütfi Zadə dünyasını dəyişdi

Azərbaycanın dünya şöhrətli alimi Lütfi Zadə 96 yaşında vəfat edib.

 

APA TV-nin məlumatına görə, bu barədə Azərbaycanın Los-Ancelesdəki konsulluğu öz "Facebook" səhifəsində yazıb. Konsulluq onun ölümündən dərin kədər hiss etdiyini bildirib.

 

Lütfi Zadə 1921-ci il fevralın 4-də Bakıda dünyaya gəlib.


O, ilk təhsilinə Bakıdakı 16 saylı məktəbdə başlayıb. 10 yaşında ailəsi ilə birlikdə Tehrana köçüb. Tehran Universitetini böyük uğurla başa vurduqdan sonra Amerika Birləşmiş Ştatlarına gedib və təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirib. 

Lütfi Zadə süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru idi. O, bu ali təhsil müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxsdir. Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədridir.  

Dünya elminə Lütfi Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Hazırda onlar elm və istehsalatda geniş şəkildə tətbiq olunur. Ona dünya şöhrəti qazandıran, onun dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsidir.

 

20 il Amerika elmi ictimaiyyəti tərəfindən qəbul edilməyən qeyri-səlis məntiq nəzəriyyəsi, nəhayət, 1980-ci illərdə yapon alimləri tərəfindən böyük maraqla qarşılanıb.

Müəllif | Apa.Tv
Nigar Həsənli

OXŞAR XƏBƏRLƏR