Prezident “Xankəndi” sualtı tikinti gəmisinin təqdimat mərasimində iştirak edib

Sentyabrın 6-da Bakı Gəmiqayırma Zavodunda BP şirkətinin sifarişi ilə “Şahdəniz-2” layihəsi çərçivəsində inşa edilən “Xankəndi” sualtı tikinti gəmisinin təqdimat mərasimi olub.

 

APA TV xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

 

Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, “BP-Azərbaycan” şirkətinin prezidenti Qəri Counz, “Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev dövlət başçısına görülən işlər barədə məlumat veriblər. Qeyd edilib ki, 2014-cü il aprelin 17-də “Bakı Gəmiqayırma Zavodu” MMC sualtı tikinti gəmisinin layihələndirilməsi və tikintisi barədə “Şahdəniz” qaz yatağının işlənilməsi və istismarı üzrə icraçı olan “BP Exploration” MMC ilə dəyəri 400 milyon dollara yaxın olan müqavilə bağlanıb. “Xankəndi" sualtı tikinti gəmisinin iki iri gövdə bölməsi müvafiq müqavilə əsasında Sinqapurda inşa edilərək təhlükəsiz şəkildə Bakıya gətirilib, Bakı gəmiqayırma zavodunda tikinti-quraşdırma sahəsinə çıxarılaraq inşası başa çatmış burun, yaşayış və idarəetmə blokları ilə birləşdirilib və müvafiq inteqrasiya işləri yerinə yetirildikdən sonra ötən ilin mayında suya salınıb. Bu gəmi xüsusi olaraq nəhəng “Şahdəniz mərhələ 2” işlənilmə layihəsinin sualtı qurğularını quraşdırmaq üçün inşa edilib.

 

Prezident İlham Əliyevə “Şahdəniz-2” layihəsi çərçivəsində görülən işlərlə də bağlı məlumat verilib. Qeyd olunub ki, artıq layihə üzrə işlərin 96 faizdən çox hissəsi tamamlanıb. Fəaliyyət dövründə Azərbaycanda 24 min yeni iş yeri açılıb.

 

Dövlət başçısı “Xankəndi” sualtı tikinti gəmisinin rəmzi istismara verilməsini bildirən lenti kəsib və gəminin işə salınmasını bildirən düyməni basıb.

 

Daha sonra prezident İlham Əliyev “Xankəndi” sualtı tikinti gəmisinin istismara verilməsi mərasimində çıxış edib: "Xankəndi bizim qədim şəhərimizdir, adı bizim üçün əziz və doğmadır. Təsadüfü deyil ki, dünyada unikal standartlara cavab verən gəmiyə bu ad verilib. Bu gəminin tikintisi ölkəmizin gücünü göstərir. Onu göstərir ki, bu gün Azərbaycanda istənilən böyük tikinti işi aparıla bilər. Bu gəminin tikintisi və istifadəyə verilməsi eyni zamanda onu göstərir ki, vaxtilə gəmiqayırma zavodunun tikintisi haqqında verilən qərar düzgün idi. O zaman bu qərarı verərkən və tikintisinə sərmayə ayırarkən bu məqsədi güdürdük ki, Azərbaycan istənilən növ gəmini inşa edə bilsin. Bu növ gəminin tikintisi eyni zamanda onu göstərir ki, elə bir gəmi yoxdur ki, gəmiqayırma zavodunda onu inşa edə bilməyək".

 

Sonda xatirə şəkli çəkdirilib.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR