Çavuşoğlu: “Türkiyə, Azərbaycan və Gürcüstanın münaqişələrin həllinə yanaşması eynidir”
Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin 6-cı toplantısı keçirilib.
APA TV-nin məlumatına görə, Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Mixeil Canelidzenin iştirak etdiyi üçtərəfli görüş media üçün qapalı olub.
Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tezliklə istifadəyə veriləcəyinin qeyd olunduğu üçtərəfli görüşdə bu layihənin region və onun hüdudlarından kənarda inkişafa və tərəqqiyə xidmət edəcəyi bildirilib. Eyni zamanda iki ölkənin nümayiş etdirdiyi qəti siyasi iradəyə uyğun olaraq Trans-Anadolu (TANAP) layihəsinin də müəyyən olunan vaxt çərçivəsində icra olunacağına əminlik ifadə olunub.
"Üç ölkənin iştirak etdiyi digər layihə Bakı-Tbilisi-Qars layihəsidir. Əminik ki, Türkiyədə dəmiryolu xəttinin tikintisi yaxın vaxtlarda başa çatacaq və Şərqlə Qərbi birləşdirən xətt yaxın vaxtlarda işə düşəcək” - deyən nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi və Ermənistanın qeyri-konstruktiv siyasəti barədə məlumat verib. O, münaqişənin həllində irəliləyişə nail olmaq üçün ilk növbədə Ermənistan qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
“Türkiyə, Azərbaycan və Gürcüstanın münaqişələrin həllinə yanaşması eynidir” deyən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki ərazilərin toxunulmazlığı beynəlxalq hüququn əsasını təşkil edir və hər üç ölkə bunu dəstəkləyir: "Münaqişələrin sülh yolu və diplomatik kanallar vasitəsilə həllinə tərəfdarıq. Azərbaycan və Gürcüstanla bağlı münaqişələrin öz vasitəçiləri və beynəlxalq formatlar var. BMT Baş Assambleyasında bu il Azərbaycanla bağlı iki məsələ gündəmdədir. Azərbaycan münaqişənin həllində səylərini davam etdirir və bu məsələdə beynəlxalq vasitəçilik böyük rol oynayır".
Nazirlər iki dövlət arasında beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığı və qarşılıqlı dəstəyi yüksək qiymətləndiriblər: "Myanmadakı hadisə ilə bağlı mövqeyinə görə Azərbaycana çox təşəkkür edirik. Orada insanlıq dramı yaşanır. Bütün dünya buna həssas yanaşmalıdır. Təəssüf ki, bunu görmürük".
Üçtərəfli formatdan danışan gürcüstanlı nazir bildirib ki, bu, unikal əməkdaşlıq mexanizmidir: "Üç ölkənin hər biri ilə qarşılıqlı diplomatik münasibətlərin 25 illiyi qeyd edilir. Biz nümunəvi siyasi, ticari, iqtisadi, insanlararası münasibətlərə nail olmuşuq. Bu, həm də xalqlar arasında öz əksini tapır. Birgə layihələrimiz təkcə üç ölkənin marağını əks etdirmir. Nəqliyyat və enerji sahəsində böyük layihələrin iştirakçısıyıq. Bu layihələr regionun sabitliyinə və inkişafına təkan verir. Biz Bakı-Tiflis-Qars dəmiryolunun açılmasını səbirsizliklə gözləyirik”.
Sonda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin görüşündə "2017-2019-cu illərdə üçtərəfli əməkdaşlıq planı” və görüşün yekununa dair birgə Bəyannamə imzalanıb.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub