Myanma hökuməti sərhədləri minalamağa başladı - MÜSƏLMANLAR QAÇMASIN DEYƏ

Myanmada son günlər yaşanan hadisələr səbəbindən ölkəni tərk edənlərin sayı durmadan artır.

 

APA TV-nin "Euronews"a istinadən məlumatına görə, son 10 gündə baş verənlərlə əlaqədar 120 min nəfər Banqladeşə pənah gətirib. Myanma hökuməti isə ölkəni tərk edənlərin qarşısını almaq üçün artıq üçüncü gündür sərhədə mina yerləşdirir.

 

Bu arada BMT Myanma hadisələrindən ən yüksək səviyyədə narahatlıq ifadə edib. Qurumun baş katibi Antonio Quterreş Təhlükəsizlik Şurasına məktubunda Rohingiya müsəlmanlarına qarşı törədilən qanlı hadisəni pisləyərək, qurumun Myanma hadisələri ilə bağlı təxirəsalınmaz tədbirlər planı hazırlamalı olduğunu vurğulayıb. Bununla belə, baş katib Myanmada yaşananları "soyqırımı" adlandırmayaraq, "zorakılıq" ifadəsini işlətməklə kifayətlənib.

 

Beynəlxalq ictimaiyyət eyni zamanda Myanmanın dövlət katibi Aun San Su Cini də ölkəsində baş verənlərə səssiz qalmaqda ittiham edib.

 

Xatırladaq ki, 25 avqustda "Arakan Həmrəylik Ordusu" qruplaşması Myanmanın qərbindəki polis məntəqələrinə hücum edib. Bu hadisə ərazidə kütləvi toqquşma ilə nəticələnib.

 

Qeyd edək ki, həftə boyunca davam edən iğtişaşlarda ölənlərin sayı 400 nəfərə çatıb.

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR