Harçeqani: "Məqsədim daim zirvədə qalmaqdır"

Bu gün Gənclər və İdman Nazirliyində Cənubi Koreyanın Muju şəhərində keçirilmiş dünya çempionatında 2 medal qazanan taekvondo millimiz və Taypeydə təşkil olunan tələbələrin 29-cu Dünya Yay Universiadasında 8 medala sahib olmuş yığmamızla görüş keçirilib.

 

APA TV-nin xəbərinə görə, görüşdə Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, taekvondo, cüdo və atletika yığma komandalarımızın məşqçilər korpusu, idmançılar iştirak edib.

 

Fərid Mansurov hər iki yarışda yığmalarımızın çıxışını uğurlu adlandırıb. Onun sözlərinə görə, qazanılan hər bir nəticədə məşqçilərin, federasiyaların da payı yüksək olub.

 

Azərbaycan Taekvondo Federasiyasının icraçı direktoru Nağı Səfərov komandamızın yarışlarda ümidləri doğrultduğunu deyib. O bildirib ki, dünya çempionatında 2, Universiadada 5 medal qazanan millimiz daha yaxşı nəticə göstərmək gücündədir: "Medallarımızın sayı daha çox ola bilərdi. Dünya çempionatında 1 qızıl və 1 gümüş medal da böyük nəticədir. Sevindirici haldır ki, mundialda mükafatlarımızın sayı artan templə davam edir. Komandamızı qarşıda Qran-pri turniri də gözləyir".

 

Taypeydə Azərbaycan nümayəndə heyətinin rəhbəri olmuş nazirliyin şöbə müdiri Aydın Məmmədov bildirib ki, atlet Anna Skidan və ağırlıqqaldıranlarımız ümidləri doğrultmasalar da, ümumi nəticəni qənaətbəxş hesab etmək olar.

 

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezident Rəşad Əhmədovun sözlərinə görə, qarşıdakı yarışlarda mükafatların sayını artırmağa çalışacaqlar.  

  

Taypeydə cüdo komandamızın baş məşqçisi Azər Şıxəlizadə isə yalnız 1 idmançımızın medal qazanmamasına təəssüfləndiyini dilə gətirib: “Biz istəyirdik ki, 3 idmançımızın hər biri medal qazansın. Lakin 1 qızıl və 1 bürünc mükafata sahib olduq”. 

 

Universiadanın bürünc medalçısı Firudin Dadaşov bildirib ki, böyüklərlə birgə təlim-məşq toplanışında olmaq uğurlarında böyük rol oynayıb. O qeyd edib ki, komandada hər bir cüdoçu medal qazanmaq gücündə olsa da, sonda 2 mükafata yiyələniblər: “Belə görüşlər bizi ruhlandırır və əlavə stimul verir. Çalışacağıq ki, növbəti yarışlarda da bunu davam etdirək”.

 

Digər cüdoçumuz Zelim Kotseyev hədəflədiyi qızıl medalı qazandığı üçün şad olduğunu bildirib. O, qarşıdakı yarışlarda da iddialı olacağını söyləyib. 

 

Taekvondoçular Məhəmməd Məmmədov və Ayxan Tağızadə də qarşıdakı yarışlarda nəticələrini yaxşılaşdıracaqlarına söz veriblər. İslam Həmrəyliyi Oyunlarının ardınca dünya çempionatı və Universiadada da qızıl medal qazanan Milad Beiqi Harçeqani isə məşqçilər korpusuna təşəkkür edib. O qeyd edib ki, məqsədi növbəti yarışlarda da daima zirvədə qalmaqdır: "Daima hər bir idmançının yanında olmaq lazımdır. Belə olduğu halda, onlar özlərini daha yaxşı tərəfdən göstərirlər".

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR