Prezident MDB Ali Maliyyə Nəzarəti Orqanları Rəhbərləri Şurasının üzvlərini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 5-də MDB Ali Maliyyə Nəzarəti Orqanları Rəhbərləri Şurasının Bakıda keçirilən XVII sessiyasının iştirakçılarını qəbul edib.

 

APA TV-nin məlumatına görə, dövlət başçısı MDB üzv dövlətləri Ali Maliyyə Nəzarəti Orqanları Rəhbərləri Şurasının XVII sessiyasının Bakıda keçirilməsinin əhəmiyyətini qeyd edib.

 

Ölkələrimiz arasında maliyyə nəzarəti sahəsində təcrübə mübadiləsinin zəruriliyinə toxunan prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanda xərclərə dövlət nəzarəti ilə bərabər ictimai nəzarətə də böyük diqqət yetirilir. Son illər dünyada baş vermiş iqtisadi və maliyyə böhranına toxunan prezident İlham Əliyev bildirib ki, bütün bu proseslər dövlət xərclərinin daha da optimallaşdırılmasını zəruri edir. Bu baxımdan ölkələrimizin maliyyə nəzarəti orqanlarının üzərinə daha çox məsuliyyət düşür.

 

Prezident İlham Əliyev tədbirdə müzakirələrin və təcrübə mübadiləsinin konstruktiv və səmərəli şəkildə keçiriləcəyinə ümidvar olduğunu bildirib.

 

Rusiya Federasiyası Hesablama Palatasının sədri Tatyana Qolikova Bakının gözəl şəhər olduğunu, ölkəmizdə gedən inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını söyləyib. Tatyana Qolikova ölkələrimizin maliyyə nəzarəti orqanları arasında əməkdaşlığın və qarşılıqlı fikir mübadiləsinin əhəmiyyətini vurğulayıb.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR