Bakıda maşın piyadanı vurdu: yaralı ölümcüldür

Bakıda piyadanın ölümcül xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Zabrat qəsəbəsi ərazisində, Şəhər şosesində qeydə alınıb.

 

Əliyev Səxavət Fərhad oğlunun idarə etdiyi “QAZ-3110” markalı avtomobil yolu piyada keçidinin bir neçə metrliyindən keçmək istəyən piyadanı vurub. Piyada ağır xəsarətlər alıb. Sürücü başqa bir avtomobillə yaralını 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırıb. Xəstəxanadan verilən məlumata görə, yaralı gətirilərkən ölümcül vəziyyətdə olub. Onun həyatının xilas edilməsi üçün tədbirlər görülür.

 

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində müayinələr aparıblar. Yerli sakinlərin sözlərinə görə, ərazidə yolun üzərində nizamlanmayan piyada keçidi olsa da, avtomobillərin sürücüləri piyadalara nadir hallarda yol verirlər. Gecə saatlarında isə problem daha da böyüyür. Belə ki, qənaət məqsədilə Şəhər şosesində küçə işıqları söndürülür və sürücülər piyadaları görə bilmirlər. Sakinlər ərazidə işıqforun quraşdırılmasını istəyirlər.

Real vəziyyət barədə tam təəssürat yaranması üçün biz də yolu piyada keçidi ilə keçmək istədik. Amma sürücülərin bir çoxu bizə yol vermədi və yolun əks tərəfinə keçmək üçün bir neçə dəfə təhlükə ilə üzləşdik.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir. Yaralı piyadanın sonrakı vəziyyətindən asılı olaraq, cinayət işi başlanacaq.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR