Meşə yanğınları Qəbələnin digər kəndlərinə də keçdi - TƏHLÜKƏ QALMAQDADIR
Avqustun 28-də Qəbələ rayonunun Abrıx və Tikanlı kəndləri yaxınlığındakı meşə ərazisində başlamış yanğın hələ də davam edir. Yanğın ərazisi genişlənərək daha iki kəndin meşə sahəsinə çatıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Aviasiya dəstəsinin və Şimal-Qərb Regional Mərkəzinin 500 nəfər şəxsi heyəti, 25 ədəd texnikası və 1 ədəd yanğınsöndürmə helikopteri cəlb olunub.
Eyni zamanda Qəbələ Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsinin 50 nəfər canlı qüvvəsi, rayon icra hakimiyyətinin 19 ədəd müxtəlif təyinatlı texnikası və yaşayış məntəqələrinin əhalisindən ibarət könüllü dəstələr yanğının söndürülməsi işlərində iştirak edir. Cəlb olunmuş qüvvələrin operativ və effektli idarə edilməsi üçün əməliyyat qərargahı yaradılıb. Əməliyyat qərargahına fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev rəhbərlik edir.
Yanğın baş verən ərazi yüksək dağ ərazidəki meşə massivində və çətin relyefdə yerləşdiyindən, eləcə də havanın isti və küləkli olması alovun söndürülməsində çətinlik yaradır. Yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Qeyd edək ki, Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Bum meşəbəyliyinin Abrıx kəndi ətrafındakı meşə sahəsində başlayan yanğın çəkilmiş şum zolaqlarının mövcudluğuna baxmayaraq, bu gün güclü külək nəticəsində həmin meşəbəyliyin Dandık, Sulquca kəndləri istiqamətinə də keçib. Alovun qarşısını almaq hələ ki mümkün deyil, əlavə qüvvələrin cəlb olunması nəzərdə tutulur.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub