Ağdaşda 41 baş iribuynuzlu heyvan dərmandan zəhərlənərək tələf olub

Ağdaş rayonunda mal-qara arasında kütləvi şəkildə tələfat baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Yenicə kəndində qeydə alınıb.

Kənd sakinləri Hüseynov Pərviz Əli oğlu, Hüseynov Elşən Əli oğlu, Yusifov Orxan Rafiq oğlu və Hüseynov Əli Yusif oğlu fərdi təsərrüfatlarında bəslədikləri iribuynuzlu heyvanları gənəyə qarşı biastol məhlulu ilə dezinfeksiya edib və inəklər 15-20 dəqiqə sonra kütləvi şəkildə zəhərlənərək ölüb. Hadisə zamanı 38 baş inək və 3 baş buzov tələf olub.

Kənd sakinləri biastol məhlulunu Ləki qəsəbəsindəki baytarlıq aptekindən aldıqlarını bildirib. Baytar həkimlər ölən mal-qaraya baxış keçirib və dərmanın təsiri nəticəsində onların ağ ciyərlərinin parçalandığı müəyyən olunub. Hazırda ölmüş heyvanlar kəndin ortasında qalıb. Kəndlilər heyvanların tələf olması nəticəsində onlara 20 min manatdan çox maddi ziyan dəydiyini qeyd edib. Heyvan sahibləri biastol dərmanını tərifləyib onlara satan aptek sahibi tərəfindən onlara dəyən maddi ziyanın ödənilməsini tələb edir.

Ləki qəsəbəsindəki baytarlıq aptekinin sahibi Seymur Seyinov 41 baş iribuynuzlu heyvanın dərmandan zəhərlənərək ölməsinə münasibət bildirib. Onun sözlərinə görə, zəhərlənməyə səbəb olduğu iddia edilən həmin biastol məhlulu İordaniya istehsalıdır və bu dərmandan təlimata uyğun olmayaraq istifadə etdikdə fəsadlar verə bilər: “Biastol alan şəxslərə həmişə məsləhət görürəm ki, heyvanların bədənindəki gənələri öldürmək üçün istifadə olunan bu zəhərli məhlulu suya çox tökməsinlər, yəni bu dərmanın dozası çox olanda zəhərlənməyə səbəb olur”.

Seymur Seyinov dərmanlama işlərinin səhər saatlarında, mal-qara tövlədən çıxandan bir saat sonra açıq havada aparılmalı olduğunu bildirib. Qapalı şəraitdə bu dərmanla dezinfeksiya işlərinin aparılması isə zəhərlənməyə səbəb olur.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR