"Azərbaycan adına 3-cü qızıl medalı qazandığım üçün fəxr edirəm" - BOKSÇULARIMIZ VƏTƏNDƏ

Almaniyanın Hamburq şəhərində keçirilən boks üzrə dünya çempionatında 1 qızıl və 1 bürünc medal qazanan Azərbaycan yığması vətənə qayıdıb. APA TV-nin məlumatına görə, komandamızı Heydər Əliyev Beynəlxalq Hava Limanında idman ictimaiyyətinin nümayəndələri və bokssevərlər alqışlarla qarşılayıb. Boksçularımızdan Kamran Şahsuvarlı üçüncü olduğu halda, ən ağır çəkidə yarışan Məhəmmədrəsul Məcidov bütün rəqiblərini qabaqlayaraq dünya çempionu olub.

Hava limanında qarşılanma zamanı döyüşləri boyu qazandığı təəssüratlarından danışan dünya çempionu Məhəmmədrəsul Məcidov Azərbaycanı təmsil etməkdən qürur duyduğunu bildirib: "Təşəkkür edirəm. Azərbaycan adına üçüncü qızıl medalı qazandığım üçün fəxr edirəm. Məni dəstəkləyən, azarkeşlik edən hər kəsə minnətdaram. Çox xoş, çox gözəl hisslərdir. 5 döyüşüm oldu. Əlbəttə ki, asan deyildi. Ancaq əla hazırlaşmışdıq. Məşqçilər heyətinin və rəhbərliyin dəstəyini mütləq qeyd etməliyəm. Bütün bu nüansların köməyi ilə qələbə qazana bildim.

3 qat dünya çempionu digər komanda yoldaşlarının da döyüşlərinə münasibət bildirib:

"Düzünü deyək ki, bizim uşaqlardan heç biri uduzmadı. Hər biri layiqli mübarizə apardılar, döyüşdülər. Bir bürünc medalımız da var. Buna görə də düşünürəm ki, yaxşı nəticə qazanmışıq. Komanda hesabında Avropa ölkələri arasında birinci yerdə qərarlaşdıq. Dünyada isə 4-cü olduq. Mundiala cəmi 4 idmançı ilə yollansaq da, bu, əla nəticədir".

Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərovun sözlərinə görə isə budəfəki mundial daha çox hakim qərəzliliyi ilə yadda qalıb. Bununla belə, dünyada cəmi 7 boksçu 3 dəfə dünya çempionu olmağı bacarmışdı ki, M.Məcidov da bu siyahıda 8-ci oldu:

"Məhəmmədrəsul təkcə dünya çempionu olmadı, o həm də bizə qarşı olan hakim qərəzi üzərində də qələbə çaldı. İslam Oyunlarından başlayaraq bir neçə dəfə hakimlər tərəfindən təxribatla qarşılaşdıq. Bakıda keçirilən İslamidada biz daha çox qızıl medal gözləyirdik, ancaq siz də gördünüz ki, əlimizdən aldılar. Xarkovda keçirilən Avropa çempionatında bizim lisenziyaların sayı 9, bəlkə də 10 olmalı idi, ancaq çox təəssüf ki, 5 oldu. Buna baxmayaraq, komandamız Dünya çempionatına 4 idmançı ilə yola düşdü. Təmsilçilərimizdən Lorenzo Sotomayor və Pərviz Bağırovun yolu yenə də hakimlər tərəfindən kəsildi. Ancaq nə qədər çalışsalar da, Məcidov və Kamran Şahsuvarlının qarşısını ala bilmədilər".

Qeyd edək ki, yığmamız Hamburqa 4 boksçu ilə yollanmışdı. 9 gün davam edən dünya çempionatını Azərbaycan millisi 2 medalla başa vurub.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR