İŞİD Moskvanı qana bulamaq istəyib - TERRORUN QARŞISI ALINDI

Rusiya Federal Təhlükəsizlik Xidməti Moskva və ona yaxın şəhərlərdə terror aktı  törətmək istəyən iki İŞİD üzvünü yaxalayıb.

 

APA TV-nin xəbərinə görə, ələ keçirilən görüntülərdə Orta Asiyadan olan terrorçu yaxın günlərdə terror aktı törədəcəyini və İŞİD-ə sadiq olduğunu bəyan edir.

 

Plana uyğun olaraq sentyabrın 1-də səhər saatlarında ekranda gördüyünüz bu iki  nəfərdən biri Moskvadakı məscidlərin birində Qurban bayramı münasibətilə qılınacaq namaz zamanı özünü partlatmağı, digəri isə təşvişə düşüb qaçanlara bıçaqla xəsarət yetirməyi planlaşdırırmış. Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan şəxslər açıq-aşkar Moskvaya "cihad" üçün gəldiklərini etiraf ediblər.

 

Qeyd edək ki, ötən həftə Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları dəstənin tərkibində ikisi kamikadze olmaqla, partlayıcı maddələr hazırlayan şəxsi və bir bələdçini həbs etmişdilər. Onların müvəqqəti məskunlaşdığı yerə baxış keçirilən zaman avtomat silahlar, qumbaralar və digər hərbi sursatlar aşkarlanıb.

 

Bu gün həbs olunan iki terrorçunun mobil telefonlarında isə bələdçilərin nömrələri, planlaşdırılan terror aktının həyata keçirilməsi üçün nəzərdə tutulmuş təlimatlar tapılıb.

    

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR