Baş nazirin öldürülməsi sifarişini Pərviz Müşərrəf veribmiş - MƏHKƏMƏ QƏRARI

Pakistanın sabiq prezidenti Pərviz Müşərrəf öz ölkəsində qaçaq elan edilib. Onun ədalətdən yayındığı bildirilir.

APA TV xəbər verir ki, 2016-cı ildə ölkəsini tərk edən və hazırda BƏƏ-də yaşayan Müşərrəf 10 il əvvəl ölkənin keçmiş baş naziri Benazir Bhuttonun ölümündə ittiham olunur. Məhkəmə artıq onun bütün hesablarına həbs qoyub.

Bununla yanaşı məhkəmə iki polis zabitinin 17 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Onlar isə istintaqı yayındırmaqda və dəlilləri ört-basdır etməkdə günahlandırılıb.

"Onlar həmin ərazidəki polisləri kənarlaşdırmaqla cinayətkarların işini asanlaşdırıb, cinayət yerini təmizləyib və məhkəmə tibb ekspertlərinin işinə əngəl törədib. Bununla da hadisənin əslinin üzə çıxmasına imkan verməyiblər", - dövlət prokuroru Xvaca İmtiyaz belə deyib.

Terror aktında birbaşa təqsirli bilinən 5 nəfər isə sərbəst buraxılıb. Onların Pakistandakı Taliban qüvvələrilə əlbir olduğu güman edilirdi. Buna baxmayaraq, məhkəmə həmin 5 nəfərin həbsinə dair yetərli dəlillərin olmadığını açıqlayıb.

Qeyd edək ki, B.Bhutto müsəlman dünyasında ilk qadın baş nazir kimi tarixə düşüb. O, 2007-ci ildə seçim kampaniyası zamanı öldürülüb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR