Meşədə itən 5 yaşlı uşaq tapıldı - ƏVVƏLCƏ SU İSTƏYİB

Quba rayonunda 5 yaşlı uşaq itkin düşdüyü yerdən 6 km aralıda tapılıb. APA TV-nin Şimal bürosunun verdiyi məlumata görə, 2011-ci il təvəllüdlü Əliyev Natiq Namiq oğlu Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən Əski İqrıq kəndi ilə Gültəpə kəndi ərazisindəki meşə massivindən tapılıb. 3 gün ərzində qidalanmadığı üçün azyaşlı  tapılarkən halsız olub. O, xilasedicilərdən öncə su istəyib. Natiqin atası uşağın tapılmasını möcüzə hesab edir: "İki gün ərzində ac-susuz qalıb. İri yarğanda tapılıb. İki gün ərzində bir Allah bilir nələr çəkmişik. Çıxıb gördüm, yaxşıdır. Həkimlər baxır. Möcüzəvi bir şeydir. Bütün aidiyyəti orqanlara təşəkkür edirəm".

N. Əliyev tibbi müayinədən keçirilməsi üçün Quba Mərkəzi Rayon Xəstəxanasına aparılıb: "Monitor müşahidəsinə götürüb. Müəyyən müayinələr aparılıb. Ola bilər səhhətində xırda problemlər olsun. Həyatı üçün hər hansı təhlükə yoxdur, bütün göstəriciləri qaydasındadır".

Qeyd edək ki, N. Əliyev avqustun 28-də rayonun Əski İqrıq kəndində meşəlik ərazidə yerləşən istirahət mərkəzlərinin birində itmişdi. Yaxınlarının xına mərasimində iştirak edən ailə üzvləri ilə birlikdə istirahət mərkəzində olan azyaşlı bir müddət sonra yoxa çıxmışdı. Onun axtarışlarına Xüsusi Riskli Xilasetmə Xidmətinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının, Şimal Regional Mərkəzinin müvafiq axtarış-xilasetmə qüvvələri və kənd sakinləri cəlb olunmuşdu. 3 gün ərzində FHN-nin əməkdaşları tərəfindən fasiləsiz əməliyyat axtarış tədbirləri həyata keçirilib.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR