Oğuzdakı meşə yanğınları tam söndürülüb, Qəbələdə isə yanğın lokallaşdırılıb
Avqustun 28-də Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Bum meşəbəyliyinin ərazisində, ayın 29-da isə Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Xaçmaz meşəbəyliyinin ərazisində baş vermiş yanğınların qarşısı alınmaq üzrədir.
APA TV-nin yerli bürosunun xəbərinə görə, yanğın baş verən hər iki meşə ərazisinə Fövqəladə Hallar Nazirliyinin Qəbələ və Oğuz Dövlət Yanğından Mühafizə Hissələrinin avtomobilləri, canlı qüvvəsi, Mülki Müdafiə Qoşunlarının və Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri, həmçinin Aviasiya dəstəsinin 1 yanğınsöndürmə helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli əməkdaşları, meşə gözətçiləri cəlb olunub.
Qəbələnin Bum meşəbəyliyində, Duruca və Tikanlı kəndlərində baş verən yanğının əhatə etdiyi meşə sahələri hündür və sərt yamaclıqda olduğu üçün yanğınsöndürən maşınların əraziyə qalxması mümkün olmayıb. Əsasən əl əməyindən və FHN-in helikopterindən istifadə edilməklə həyata keçirilən intensiv tədbirlər nəticəsində yanğın lokallaşdırılıb. İlkin hesablamalara görə, yanğın nəticəsində 10 hektara yaxın ərazidə ağaclar, quru ot, kol-kos yanıb. Hazırda yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir.
Oğuz rayonundakı Xaçmaz meşəbəyliyində baş vermiş yanğın isə tam söndürülüb. Yanğın nəticəsində 0.5 hektar ərazidə ağaclar, quru ot və kol örtüyü yanıb.
Yanğınların hansı səbəbdən baş verməsi və dəymiş ziyanın həcminin müəyyən olunması məqsədilə araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub