DTX İsmayıllıda əməliyyat keçirdi, terrorçu atışmada öldürüldü - HADİSƏ YERİNDƏN

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) terrorçuluğa qarşı mübarizə istiqamətində davam edən araşdırmalar zamanı ölkə hüdudlarından kənarda silahlı münaqişələr, terror aktları törədən dini ekstremist, terror təşkilatına qoşulub həmin təşkilatdan maliyyə vəsaitləri qəbul etmiş Azərbaycan vətəndaşı Cavadov Yaşar Oktay oğlunun odlu silah və partlayıcı maddələr əldə etməsi, dövlət təsisatına hücum edərək terror aktı törətməyə hazırlıq hərəkətləri müəyyən edilib.

 

DTX-nin İctimai əlaqələr şöbəsindən APA TV-yə verilən məlumata görə, faktla bağlı DTX-da başlanılmış cinayət işi üzrə 2017-ci il avqustun 27-də İsmayıllı şəhəri ərazisində həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri zamanı Yaşar Cavadov saxlanılmasına silahlı müqavimət göstərərək xidməti vəzifələrini yerinə yetirən əməkdaşlara ictimai yerdə odlu silahdan atəş açıb, cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən məhv edilib.

 

Axtarışlar zamanı xaricdə fəaliyyət göstərən terror təşkilatının maliyyələşməsi prosesinə aid, habelə iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər aşkar edilib.

 
Qafqaz Müsəlmanları İdarəsinin İsmayıllı rayonu üzrə səlahiyyətli nümayəndəsi Şahzadə Bilalov zərərsizləşdirilən terrorçunun bir neçə nəfərlə məscidə gəldiyini deyir: "Dünən də gəlib məsciddə namaz qılıblar. Onlar İsmayıllıda 3-4 nəfərdir. Gəlib namaz qılıb gediblər. Sən demə Təhlükəsizlik Xidməti onları izləyirmiş, Allah razı olsun onlardan. Əlində silah olub, tapança ilə polislərə müqavimət göstərib, üzərində də partlayıcı maddə olub. Hər an partlada bilərmiş. Məhv edildikdən sonra üzərindəki partlayıcı maddəni çıxarıblar".


Hazırda istintaq-əməliyyat tədbirləri davam edir.
 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR