Xızıda hərbi hissədə partlayış - HADİSƏ YERİNDƏN

Bu gün Xızı rayonu ərazisindəki Müdafiə Nazirliyinin hərbi hissələrinin birinə aid silah anbarında yanğın baş verib. Yanğın baş verən ərazidə partlayışlar müşahidə olunur. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Mülki Müdafiə Qoşunlarının canlı qüvvələri və müvafiq texnikaları cəlb edilib.

APA TV xəbər verir ki, hadisənin səbəblərinin öyrənilməsi və müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə aidiyyəti strukturların nümayəndələrindən ibarət qrup hadisə yerindədir.

Silah anbarında partlayış nəticəsində uçuşan mərmilər ətrafa yayılıb. Mərmilərin düşməsi nəticəsində Giləzi qəsəbəsində bir neçə evdə yanğın baş verib. Yanğınsöndürənlər yanğının söndürülməsi üçün tədbirlər görüb. Mərmilərin düşməsi nəticəsində Xızı və Siyəzən rayonlarının bəzi boş ərazilərində də bir neçə yerdə yanğın olub.

Partlayışla əlaqədar hadisə yerinə 10 təcili tibbi yardım briqadası göndərilib. APA TV-nin məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlalov məlumat verib. Hadisə nəticəsində yaralıların olduğu barədə məlumat daxil olduğunu deyən M.Cəlalov ehtiyac yaranacağı təqdirdə əraziyə əlavə briqadalar göndəriləcəyini bildirib.

Hərbi hissənin silah anbarında baş vermiş partlayış nəticəsində altı nəfər yaralanıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA TV-yə bildirib ki, onların hamısında qəlpə yaraları olub. Hadisə yerindən götürülən 1995-ci il təvəllüdlü Hüseynov Kamran Rasim oğlu, 1976-cı il təvəllüdlü Abbasov Nəsimi Bibiqulu oğlu, 1978-ci il təvəllüdlü Ağayev Məhəmməd Ağarza oğlu, 1967-ci il təvəllüdlü Cəbrayılov Vidadi Talıb oğlu, 1990-cı il təvəllüdlü Məmmədyarov Samir Fazil oğlu və 1964-cü il təvəllüdlü Dəmirov Əlverdi Alış oğlu qəlpə yaraları ilə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Onların yaraları yüngüldür.

Xızı rayonu ərazisində yaranmış təhlükə ilə əlaqədar Bakı-Quba avtomobil yolunun 28-ci km-dən, eləcə də həmin yolun Qubadan paytaxt istiqamətinə 78-ci km-dən nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılıb. Partlayış baş vermiş əraziyə yaxın Giləzi, Sitalçay və digər yaşayış məntəqələrindəki əhalinin təxliyyəsi həyata keçirilib.

Hazırda aidiyyəti qurumlar tərəfindən müvafiq təxirəsalınmaz tədbirlər davam etdirilir. Xızı rayonunun yerli icra hakimiyyəti orqanlarından APA TV-nin şimal bürosuna bildirilib ki, yerli əhali arasında ölən və yaralananlar barədə məlumat yoxdur.

Bir qədər sonra isə Müdafiə, Fövqəladə Hallar nazirlikləri və Baş Prokurorluğun Mətbuat Xidmətləri silah anbarında baş verən partlayışla əlaqədar birgə məlumat yayıb. Məlumatda qeyd edilib ki, hərbi hissədə naməlum səbəbdən baş vermiş yanğın nəticəsində həmin hərbi hissənin utiləşmə üçün hazırlanmış silah-sursat anbarında partlayışlar olub. Prezident İlham Əliyevin tapşırığına əsasən, hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi və müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər, Səhiyyə nazirlikləri, Dövlət Sərhəd Xidməti, Baş Prokurorluq, yerli icra strukturları və digər dövlət orqanlarının nümayəndələrindən ibarət komissiya yaradılıb. Görülmüş tədbirlər nəticəsində hərbi hissənin ərazisində yaşayan və xidmət keçən şəxslər təhlükəsiz yerə təxliyyə olunub. Saat 13 radələrinədək hadisə yerində işləyən 6 nəfər şəxs yüngül dərəcəli bədən xəsarətləri alıb, digər ağır xəsarət alan və ölənlər barədə məlumat daxil olmayıb.

Baş vermiş hadisə ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 223.2 (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 342.2-ci (qulluğa səhlənkar yanaşma ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət başlanıb, istintaq-əməliyyat qrupu digər qurumlarla əlaqəli istintaq-əməliyyat tədbirlərini həyata keçirir.

Hazırda yanğın davam edir. Onun miqyası azalsa da, kiçik partlayışlarla müşayiət olunur. Partlayış nəticəsində ətraf ərazilərə uçuşan sursatların törətdiyi yanğınların qarşısı isə alınıb.

Hadisə yerində Fövqəladə Hallar Nazirliyi tərəfindən operativ qərargah yaradılıb. Qərargah əhalinin evakuasiyası və yanğının qarşısının alınması işləri aparır. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov nazirliyin rəhbər heyəti ilə birgə hadisə yerində olub.

Baş verən yanğın və partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) çevik əməliyyat qrupu hadisə yerinə gəlib. Hadisə yerinə  ilkin baxış keçirilib. Prosesə cəlb edilmiş müvafiq qurumlar tərəfindən görülmüş kompleks təxirəsalınmaz tədbirlər nəticəsində saat 17:00 radələrində yanğın lokallaşdırılaraq digər ərazilərə keçməsinin və partlayışların geniş vüsət almasının qarşısı alınıb. Hazırda partlama nəticəsində ətrafa səpələnmiş qəlpələrin, ərazidə qalan partlamamış sursatların aşkarlanıb zərərsizləşdirilməsi istiqamətində müvafiq tədbirlər davam etdirilir.

Eyni zamanda hadisə nəticəsində xəstəxanaya yerləşdirilmiş hərbi qulluqçu olmayan 5 nəfər ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, digər şəxs isə xəstəxanada müşahidə altında saxlanılır. Onun vəziyyəti sabitdir, həyatı üçün təhlükə yoxdur. Bundan başqa, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Bakı-Quba avtomobil yolunda avtomobillərin təhlükəsiz hərəkəti bərpa edilib. Hadisə baş vermiş ərazidən təxliyə olunmuş əhali hazırda daimi yaşayış yerlərinə qayıdır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR