Zaqatala Gömrük Laboratoriyası istifadəyə verildi

Dövlət Gömrük Komitəsi (DGK) Zaqatalada  Mərkəzi Gömrük Ekspertizası İdarəsinin Zaqatala Gömrük Laboratoriyasını istifadəyə verib. 
APA TV-nin Şəki-Zaqatala bürosunun məlumatına görə, Azərbaycan Respublikasının fındıq və fındıq məhsullarının ixrac potensialının artırılması, biznes mühitinin yaxşılaşdırılması, iş adamlarının işinin yüngülləşdirilməsi məqsədləri ilə DGK tərəfindən Zaqatala şəhərində Mərkəzi Gömrük Ekspertizası İdarəsinin Zaqatala Gömrük Laboratoriyasını istifadəyə verib.

Laboratoriya müasir standartlara cavab verən avadanlıqla, reaktiv və ləvazimatlarla təchiz edilib. İmmun-Ferment Analizator vasitəsilə aflatoksinlərin təyini üçün sınaqlar aparılacaq.

Aflatoksinlərin təyini üçün istifadə ediləcək metod beynəlxalq səviyyədə tanınmış və qəbul edilmiş metoddur, bu metodla aparılmış  sınaqların  nəticəsi arbitraj qüvvəyə malikdir. Analiz müddəti qısadır, bu da vaxt itkisini azaldacaq. Laboratoriya tərəfindən  beynəlxalq səviyyədə qəbul olunmuş formatda sınaq protokolları veriləcək.  Laboratoriyanın mütəxəssisləri  Mərkəzi Gömrük Ekspertizası İdarəsinin  ekspertləri tərəfindən təlim alıb. Mərkəzi Gömrük Ekspertizası İdarəsi aflatoksinlərin analizi üzrə  İSO 17025 Beynəlxalq Standartı ilə akkreditasiya olunub, dəfələrlə beynəlxalq müqayisəli peşəkarlıq testlərində müvəffəqiyyətlə iştirak edib.

Aflatoksinlər-mikotoksin qrupuna aid olan ölümcül təhlükəli üzvi birləşmələridir. Bu maddələr insan orqanizmində onkoloji xəstəliklərə səbəb olur, xüsusən də qara ciyərin xərçəngi ilə nəticələnə bilər. Avropa İttifaqı MDB  ölkələrində və Azərbaycanda qida məhsullarında aflatoksinin miqdarının müəyyən normalardan  yüksək olmamasına xüsusi nəzarət edir. Tərkibində aflatoksin olan qoz-fındıq məhsullarının ixracına icazə verilmir. Yüksək keyfiyyətli fındıq məhsullarının ixracının artırılması üçün Azərbaycanda yetişdirilən bu məhsulların dəqiq laborator analizi aparılmalıdır.

Müəllif | Apa.Tv
Vüqar Heydərov

OXŞAR XƏBƏRLƏR