AĞSUDA DƏHŞƏTLİ QƏTL: Qadın oğlu ilə əlbir olaraq ərini qətlə yetirdi

Ağsu rayonunda dəhşətli qətl hadisəsi törədilib. APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Gəgəli kəndində qeydə alınıb. Kənd sakini 1970-ci il təvəllüdlü Şamıyev Şamxal İkram oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı və oğlu tərəfindən baltalanaraq öldürülüb. Məlumata görə, 1976-cı il təvəllüdlü Şamıyeva Xalidə İkram qızı və yeniyetmə oğlu, 2000-ci il təvəllüdlü Zeynal Şamıyev birlikdə əvvəlcə ailə başçısının əl-qolunu bağlayıblar, sonra baltanın arxası ilə onun başına və bədəninin müxtəlif yerlərinə zərbələr endiriblər.

 

Nəticədə kişi aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində ölüb. Məlumata görə, amansızlıqla törədilən qətl hadisəsi ailənin digər 4 azyaşlı övladının gözü qarşısında baş verib. Kənd sakinlərinin sözlərinə görə, mərhum Şamxal Şamıyev evdə odlu silah saxlaması ilə bağlı arvadı Xalidə Şamıyevanın polisə şikayəti əsasında həbs edilərək məhkumluq həyatı yaşayıb və 6 ay əvvəl həbsdən çıxıb. Onların ailəsində tez-tez söz-söhbət olduğu bildirilir. Hadisəni törədən ana və oğlu polis əməkdaşlarına təslim olublar.

 

Faktla bağlı Ağsu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (qəsdən adam öldürmə) cinayət işi başlanıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Elvin Yaqubov

OXŞAR XƏBƏRLƏR