Azərbaycanlı zəvvarlar Həcc ziyarətinə yola düşdü
Azərbaycanlı zəvvarların bir hissəsi Həcc ziyarətinə yola düşüb. APA TV-nin məlumatına görə, bu gün səhər saatlarında hər birində 3 zəvvar qrupu olan iki təyyarə Səudiyyə Ərəbistanına uçub. Qafqaz Müsəlmanları İdarəsinin Həcc ziyarətinin təşkilatçısı Hacı Niyaz Axundov bildirib ki, bu il 1080 azərbaycanlı Həcc ziyarətində iştirak edəcək.
"Həcc missiyasının təşkilatçılarından biriyəm. Şükürlər olsun Həcc mərasimi Azərbaycan xalqına qismət oldu. Şükürlər olsun bu dövlətimizin, Azərbaycanımızın bərəkətidir ki, Azərbaycan müsəlmanları bu günləri Allahın evinə yola düşürlər. Çox sevinirik. Allahdan arzu edirik ki, bizim xalqımızı, millətimizi, dövlətimizi, üç rəngli bayrağımızı xətadan, bəladan uzaq etsin".
Zəvvarlardan Kərbəlayı Şafa Həcc ziyarətinə ilk dəfə getdiyini deyib:
"Zəvvar kimi bu günləri mən də Həcc ziyarətinə yola düşürəm. Sevincimin həddi-hüdudu yoxdur. Neçə vaxt gözləyirdim, nəhayət bu gün bizə də nəsib oldu. Mən də bir zəvvar kimi bu işdə rolu olanların hər birinə təşəkkür edirəm. Millətimizin hər bir nümayəndəsinə arzu edirəm ki, bu gözəl ziyarət onlara da nəsib olsun. Məşhəd ziyarətində olmuşam, Həcc ziyarətinə birinci dəfədir gedirəm".
Qeyd edək ki, digər zəvvar qrupları avqustun 25 və 26-da yola salınacaq.
Ziyarətdən dönüş isə səfər uçuşu tarixindən 18 gün sonra başlayacaq və 3 gün davam edəcək.
Qeyd edək ki, Yaxın Şərqdəki vəziyyətlə əlaqədar bu il də zəvvarlar avtobusla yox, təyyarə ilə Səudiyyə Ərəbistanına gedəcəklər. Builki Həcc ziyarətinə sənəd qəbulu yanvarın 26-da başlayıb. Əvvəlki illərdən fərqli olaraq, bu il zəvvarlara fərqli paketlər təqdim edilməyib. Bir nəfər üçün ziyarət paketinin qiyməti 3850 dollardır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV