Çavuşoğlu: "Bərzanidən referendumun ləğvini tələb edəcəyik"

"Türkiyə Bərzanidən müstəqillik referendumunun ləğv olunmasını istəyəcək". APA TV-nin məlumatına görə, bu fikri İraqda səfərdə olan Türkiyənin xarici işlər naziri Mevlud Çavuşoğlu iraqlı həmkarı ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib. O, müstəqillik referendumu qərarının yanlış olduğunu bildirib.

 

"Ərbildən gözləntimiz son dərəcə sadə və dəqiqdir. Referendum qərarı ləğv edilməlidir. Əlbəttə Bağdad hökuməti ilə tələblərinin yerinə yetirilməsi ilə əlaqədar müzakirələr aparılır. Buna sevinirik. Ancaq bölgənin istiqrarı, birliyi, bərabərliyi çox önəmlidir".

 

Nazir Kərkükdə muxtariyyət bayrağının asılmasının da yanlış addım olduğunu vurğulayıb.

 

Telafer əməliyyatından məmnun olduqlarını söyləyən Çavuşoğlu, "Telaferin türkmən kimliyinin qorunması yönündəki istəklərimizi də dəyərli qardaşım Cəfəri ilə bölüşdüm", deyə əlavə edib.

 

Türkiyəli nazir Başika hərbi bazasında təlim keçən hərbçilərin 700-dən çox İŞİD terrorçusunu məhv etdiyini deyib: "Başika bazasının buradakı daxili siyasətdə narahatlıq yaratdığının fərqindəyik. Xüsusi nümayəndələr texniki məsələləri müzakirə edir".

 

Qeyd edək ki, Bağdad səfərindən sonra Çavuşoğlu Ərbilə gedəcək və burada Məsud Bərzani ilə görüşəcək. Görüşdə sentyabrın 25-də keçirilməsi nəzərdə tutulan müstəqillik referendumunun ləğvi müzakirə olunacaq.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR