"Şaqay"da suya zəhər atdılar, minlərlə balıq məhv oldu - SOS
Hər bir balıqçının dəyişməz bir arzusu var - ən böyük balığı tutmaq. Texnologiyaların inkişafı ilə, sosial şəbəkələrin həyatımızın ayrılmaz hissəsinə çevrilməsi ilə bu arzu bir az formasını dəyişib - ən böyük balığı tutub, "Facebook"da, "İnstagram"da fotosunu paylaşmaq. Balıqçı sözünün isə bir tərifi də budur. Arzusuna çatmaq üçün dünyanın o başına getməyə belə hazır olan varlıq. Həftə boyu bu arzu ilə yaşayıb, həftə sonu Bakıdan Sarısu gölünə, Samuxa, Aşıqbayramlı su anbarına üz tutan insanların heç də hamısı böyük balıq tutmaq arzusuna çatmır. Bu arzuya çatmaq ov alətindən, küləyin istiqamətindən, atmosfer təzyiqindən və bu kimi onlarla amildən asılıdır. Və təbii ki, üz tutduğun su hövzəsində balığın olmasından. Özünə arxayın olan təcrübəli balıqçıların dediyi kimi, burada balıq varsa, mütləq tutacağıq.
Azərbaycanda həvəskar balıqçıların ən sevimli məkanlarından biri də Neftçala rayonunda yerləşir. Baş Mil-Muğan kollektorunun Xəzər dənizinə tökülən bu hissəsinə xalq arasında "Şaqay" deyirlər. Kanal qazılan zaman böyük, addımlayan ekskavatorlardan istifadə olunub, "Şaqay" sözü də buradan, yəni "şaqayuşiy ekskavator" sözündən götürülüb. Həvəskar balıqçılar
"Şaqay"dan əksər hallarda əliboş qayıtmır, buna görə də uzaq olsa belə, "Şaqay" balıq ovu həvəskarlarının nəzərində populyarlığını həmişə qoruyub saxlayıb.
Lakin... Ötən həftə "Şaqay"a balıq tutmağa gedənlərin əksəriyyəti dəhşətli mənzərə ilə üzləşib. Mənzərəni təsəvvür etmək belə çətindir, suyun üzündə minlərlə ölü balıq üzür, sahil ölmüş xırda balıqlarla doludur. Hər kəsi şoka salan bu hadisə ilə bağlı fərqli versiyalar var, amma balıq ovu həvəskarlarının gəldiyi ümumi qənaət belədir - suyu zəhərləyiblər. Kİm edib, niyə edib, necə edib sualları hələ də açıqdır, fakt isə faktlığında qalır, "Şaqay"da balıqların zəhərlənərək kütləvi məhv edilməsi qeydə alınıb. Bu səbəbdən artıq neçə gündür "Şaqay"a ova gedən balıqçıların tilovuna xul balığı belə düşmür. Sanki hansısa sehrli əl balıqları buradan qaçırıb.
Salyan sakini Rahil Məmmədov deyir ki, buraya tez-tez balıq tutmağa gəlir: "Hər gün 2-3 balıq tutub yavanlıq edirdik. Hər şey yaxşı idi. Bir də gördük ki, balıqlar suyun üzü ilə axır. Hansısa mərdiməzar suyu zəhərləyib. Dörd gün suyun üzü ilə balıq axdı. Hamısı körpə balıqlar idi. Sazan balığına təsir etməmişdi, xırda kefalları məhv etmişdi. Dəqiq demək olmur. Amma 3-4 gün əvvəl suyun üzü ilə çoxlu sayda xırda balıq cəsədləri axırdı".
Cəlilabad sakini Ağadadaş Kazımov da həvəskar balıqçıdır: "Ayda bir dəfə istirahət məqsədi ilə bura balıq tutmağa gəlirik. Buranın balıqları dadlı olur. Gəlmişik balıq tutmağa, qarmağa balıq gəlmir. Bura elə bir yerdir ki, balıq buraya, axara daim can atır. Burdan balıqsız gedən olmur. Çoxdan tanıdığım buranın daimi sakini olan balıqçı dostum deyir ki, balıqları kütləvi şəkildə zəhərləyiblər. Dünəndən buradayıq, hələ balıq tuta bilməmişik ki, atıb tavaya qızardıb yeyək. Təbiətə belə münasibət xəyanətdir".
Baş verən hadisə səbəbilə biləsuvarlı Balakişi Bayramovun da balıq tutmaq niyyəti boşa çıxıb: "Dünəndən burdayıq. Zəhərlənmə olduğundan balıq tuta bilmirik. Əvvəllər tez-tez gəlib balıq tuturduq. Təbiətə belə münasibət onu məhv etmək deməkdir. Bu zəhərlənmənin tək kanala yox, dənizə də təsiri var".
"Şaqay"da suya zəhər atılması, balıqların kütləvi zəhərlənməsi bu gün həvəskar balıqçıların əsas müzakirə mövzusudur. Təbiətin mühafizəsinin bu günümüz deyil, həm də gələcəyimiz baxımından ən mühüm məsələ olduğunu anlayaraq APA TV olaraq bu mövzunu ictimailəşdirmək istədik. Bir arzumuz var - təbiətə bu cür ziyan vuran şəxs və ya şəxslər tapılaraq mütləq cəzalandırılmalıdır. Ən azı təbiəti mühafizə mədəniyyəti formalaşdırmaq üçün. Həvəskar balıqçıların hamısının arzusu budur.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV