Liviyanın ən böyük yatağında hasilatın dayanması nefti bahalaşdırıb

Liviya "Aş-Şarara" neft yatağında hasilatın dayandırılması xəbəri neftin qiymətini bahalaşdırıb. APA TV-nin məlumatına görə, Amerikada neft ehtiyatlarının azalmasına dair növbəti hesabat da "qara qızıl"ın qiymətlərini dəstəkləyir. Amerika Neft İnstitutu ötən həftə ehtiyatların daha 3,6 milyon barel azaldığına dair proqnozlar verib. ABŞ Energetika Nazirliyi ehtiyatlarını həcminə dair rəsmi hesabatı bu gün açıqlayacaq.

 

Birjalarda "Brent" markalı neft 51,66 dollardan satılır, Qərbi Texas nefti isə 47,66 dollara təklif olunur. ABŞ-da ehtiyatların azalması fonunda hasilatın artması WTİ markalı neftə tələbatı azaldıb, bu səbəbdən iki marka arasında fərq uzun müddətdən sonra ilk dəfə 4 dollar təşkil edib.

 

İnvestorları narahat edən məqamlardan biri hasilatın azaldılmasına dair OPEK razılaşmasının ləğvinə dair iddialardır. Ehtimallara görə, OPEK üzvlərinin noyabrda keçiriləcək toplantısında sazişin vaxtından əvvəl qüvvədən düşməsinə dair razılaşma əldə oluna bilər. Bu qeyri-müəyyənlik bazarda neftin bahalaşmasını ləngidən əsas faktordur. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR