Bakıda üçüncü “ABAD” sərgi-satış mərkəzi açıldı

Bu gündən Bakı Dəmir Yolu Vağzalında “ABAD” sərgi-satış mərkəzi fəaliyyətə başlayıb.

APA TV-nin məlumatına görə, Mərkəz xüsusi dizaynda hazırlanıb və burada Azərbaycanın müxtəlif regionlarından sənətkarların hazırladıqları nəfis əl işləri, bal və mürəbbə kimi turistlərin böyük maraq göstərdiyi ərzaq məhsulları satışa çıxarılıb.

 

Xalça ustası Sürayyə Rzayeva 40 ildir bu sənətlə məşğul olur: "Mən özüm xalçaçıyam. 40 ildir ki, xalçaçılıqla məşğulam. Özümün evdə balaca bir yerim var, xalça toxuyuram.  Gəldim  ABAD-a yaxınlaşdım, oradan bizə nə qədər sap, şəkillər verdilər.  Getdik evə, bacılarımla balaca suvenir xalılar toxuyub gətirdik. ABAD mağazalarında məhsullarımız satıldı. Hazırda açılan mağazada da mənim əl işlərim var. Sağ olsunlar ki, bizə geniş imkan yaradırlar. Mən bu ABAD-ı xalçaçılığa taxılmış qanadlar deyirəm. İşçiləri gətirirəm, tanış edirəm, onlara saplar verirlər, şəkillər təqdim edirlər. Çox gözəl iş qurmuşuq. Bizim qohumlarımız var, milli geyimdə gəlinciklər bəzəyib gətirirlər".

 

Pərvanə İsmayıllı isə rəssamdır: "Rəssamam, ilkin fəaliyyətimə "ASAN Xidmət"də könüllü kimi başlamışam. Daha sonra ABAD-a  dəvət olundum. Peşəkar ustaların yanında təcrübə topladım. Hazırladığım maqnitlərə tələbat daha çoxdur. Çalışıram bacardığım qədər çatdıram. Tələbəyəm, ABAD-ın sayəsində pul qazana bilirəm. Mən ABAD ailəsinə qoşulduğum üçün çox sevinirəm".

 

Fidan Sadıxlı müxtəlif oyuncaqlar hazırlayır: "Bu işlə uzun zamandır hobbi kimi məşğul olurdum. Amma ABAD layihəsi sahəsində artıq satışı ilə məşğul oluram. Bizim kimi gənc sənətkarlara yardımçı olurlar. ABAD-çı olduğum üçün çox şadam. Tələbat gözlədiyimdən daha yaxşıdır. Müxtəlif oyuncaqlar hazırlayıram, üzərindəki əl işlərinə görə qiymətləri müxtəlifdir. Əlimdə gördüyünüz bu oyuncaq 35 manatdır".

 

“ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev bildirib ki, sərgi-satış mərkəzinin məhsullarının 90% alıcısı turistlər olur. O qeyd edib ki, sayca üçüncü olan belə mərkəzlərdən birincisi turistlərin sıx olduğu “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruq İdarəsində, ikincisi isə Heydər Əliyev Beynəlxalq hava Limanının “Duty Free” zonasında yaradılıb. Onun sözlərinə görə, dəmir yolu nəqliyyatı ilə ölkəyə səfər edən turistlərin sayının sürətlə artacağını nəzərə alaraq, üçüncü belə mərkəzin məhz Bakı Dəmir Yolu Vağzalının ərazisində yaradılması qərara alınıb: "Hazırda bizim sərgi satış mərkəzlərində 135 ailənin istehsal etdikləri əşyalar təqdim edilir. Biz ümumiyyətlə statistika aparırıq ki, hansı ölkələr hansı əşyalara önəm verirlər. Turistlər daha daha çox xalçalara üstünlük verirlər. Gələcəkdə 5 ulduzlu otellərdə də “ABAD” sərgi-satış mərkəzlərinin açılması nəzərə tutulur".
 

Turistlər də mağazada satılan məhsullara maraq göstəririlər. Turistlərdən Nata Bu suvenirləri bəyəndiyini deyib: "Suvenirlər çox xoşumuza gəldi. Milli adət-ənənəni əks etdirən əl işlərinin satışı çox sevindirici haldır. Qiymətlər əlverişlidir, cibə uyğundur. Hətta bu  gözəl və eksklüziv əşyaları daha baha qiymətə  təklif etmək olar".

 

Dima Runya isə işlərin individuallığını  bəyənib: "Mən daha çox  bu əl işlərinin keyfiyyətini və individuallığını bəyəndim. Hər bir detal əl işlərindən hazırlanıb. Bu işin sevgi ilə edildiyi görünür".

 

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR