Şamaxı sakinini qısqanclıq zəminində öldürmək istədilər

Şamaxı rayonunda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə hadisə rayonun Şəhriyar qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1978-ci il təvəllüdlü Xeyrullayev Laçın İkram oğlu döş qəfəsinin və qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə gətirilib. Əməliyyat olunan xəstənin vəziyyəti ağır olaraq qalır.

 

Araşdırma zamanı məlum olub ki, Laçın Xeyrullayevi Şəhriyar qəsəbəsində baş verən dava zamanı həmyerlisi, 1982-ci il təvəllüdlü Qarayev Anar Ağaibrahim oğlu bıçaqlayıb. Anar Qarayev həmçinin Laçın Xeyrullayevin maşınının şinlərini də bıçaqla kəsərək onları yararsız hala salıb. O, bu məqsədlə bıçaqladığı şəxsin ölməsini istəyib və onun vaxtında tibbi yardım almaq üçün xəstəxanaya getməsinə mane olub. Laçın Xeyrullayev hadisə yerində çoxlu qan itirdiyi koma vəziyyətinə düşüb. O, sonradan yaxınlıqdakı insanların köməyi ilə xəstəxanaya aparılıb. Anar Qarayev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib. O, hadisəni qısqanclıq zəminində törətdiyini etiraf edib.

 

Laçın Xeyrullayevin dayısı Alı Əsədov APA TV-yə açıqlamasında iddiaları təsdiq edib: “Bacım oğlu Laçın Xeyrullayevi bıçaqlayıb, o indi koma vəziyyətindədir. Hadisənin hansı səbəbdən baş verdiyini bilmirik. Anar sonra bacım oğluna məxsus minik avtomobilinin şinlərini də bıçaqla kəsərək onları yararsız hala salıb. Onun məqsədi bacım oğlunu öldürmək olub. Onun vaxtında tibbi yardım almaq üçün xəstəxanaya getməsinə mane olub".

 

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Elvin Yaqubov

OXŞAR XƏBƏRLƏR