Oğuzda dəhşətli qəza: 3 ölü, 4 yaralı

Oğuzda baş verən ağır yol qəzasında 3 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.
APA TV-nin  yerli bürosunun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Oğuz rayonu Kərimli kəndi ərazisindən keçən hissəsində baş verib. 

Şəki rayonu Aşağı Göynük kənd sakini, 1971-ci il təvəllüdlü Vəlyəddin Kamal oğlu Hümmətovun idarə etdiyi "Mercedes" markalı 48 BC 651 dövlət nömrə nişanlı minik avtomobili ilə Oğuz rayonu Kərimli kənd sakini 1990-cı il təvəllüdlü Cəmil Abdullayevin idarə etdiyi "Volkswagen Passat" markalı 62 BK 566 dövlət nömrə nişanlı avtomobil toqquşub. Ağır yol qəzasından sonra avtomobillərin birinin sərnişini, Qəbələ rayon sakini Müzəffər Mustafa oğlu Fətəliyev aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb və Oğuz Mərkəzi Rayon Xəstəxanasının (MRX) morquna aparılıb. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 6 nəfər də həmin xəstəxanaya aparılıb.

Oğuz MRX-dan APA TV-yə verilən məlumata görə, yaralılar - Bakı şəhər sakinləri, 1964-cü il təvəllüdlü Məhsuma Sultan qızı Kahraman, onun 12 yaşlı övladı Murad Kahraman,  "Volkswagen Passat"ın sürücüsü Cəmil Abdullayev, onun anası 1960-cı il təvəllüdlü Sədaqət Cəbrayıl qızı Abdullayeva, "Mercedes"in  sürücüsü Vəlyəddin Hümmətov və Şəkinin Şin kəndindən 1963-cü il təvəllüdlü Şükür Ağamirzəyevə ilkin tibbi yardım göstərildikdən sonra müayinə və müalicələrini davam etdirmək üçün Şəki MRX-a göndəriliblər.

Şəki MRX-dan APA TV-ya bildirilib ki,  Vəlyəddin Hümmətov və Şükür Ağamirzəyev  xəstəxanaya daxil olduqdan bir qədər sonra aldıqları ağır bədən xəsarətlərindən ölüblər. Cəmil Abdullayevin vəziyyəti yüngül olduğundan yardım göstərildikdən sonra evə buraxılıb. Məhsuma  Kahramanın müalicəsi xəstəxananın cərrahiyə şöbəsində aparılır. Məhsumanın oğlu Murad Kahramanın və Sədaqət Abdullayevanın vəziyyətləri nəzərə alınaraq müayinə və müalicələrini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsi nəzərdə tutulub.

Faktla bağlı DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Vüqar Heydərov

OXŞAR XƏBƏRLƏR