"Son ana qədər deyirdi ki, nənə, mənə kömək et" - İT DİŞLƏMİŞ 5 YAŞLI ZEYNƏBİN FACİƏSİ

İyulun 31-də Sumqayıtda, 10-cu mikrorayon ərazisində sahibsiz it 5 yaşlı Zeynəb Mikayılzadəni dişləyib. Həkimlərin səylərinə rəğmən azyaşlı qız dünən vəfat edib. 

 

Ailə hələ də baş verən hadisənin təsiri altından çıxa bilmir. Zeynəbin əmisi Rauf  Mikayılov deyir ki, həmin gün qardaşının qızları oynamaq üçün həyətə düşüblər. Bu zaman həyətdə olan sahibsiz it yelləncəkdə yellənən azyaşlı Zeynəbə hücum edərək onu dişləyib. Böyük bacısının qışqırığına gələn qonşu balaca Zeynəbi itin ağzından alıb. Azyaşlı baş nahiyəsindən və bədəninin müxtəlif yerlərindən ağır xəsarətlər alıb.

 

"Vaxt itirmədən Zeynəbi Sumqayıt şəhər travmatologiya xəstəxanasına apardıq. Dediklərinə görə vaksinlər vurulub, 4 gün saxladıqdan sonra vəziyyəti qənaətbəxş olduğuna görə uşağı evə buraxıblar. Lakin xəstəxanadan buraxıldıqdan 9 gün sonra Zeynəbin vəziyyəti dəyişib. Ürəkbulanma, qızdırma müşahidə olunurdu. Vaxt itirmədən yenə həmin xəstəxanaya apardıq".

 

Ailə üzvləri  deyir ki, Zeynəb həkimlərin biganəliyi və səhlənkarlığından dünyasını dəyişib.

 

"Orada baxdılar, amma yalnız onda dərk etdilər ki, o uşaqda quduzlaşma prosesi gedir. Amma halbuki onlar belə kəskin virus olan uşağı Bakıda 1 nömrəli uşaq xəstəxanasına göndərməli idilər. Lakin onlar bunu etmədilər. Uşağı dörd gün orada saxlayıb, öz bildikləri kimi müalicə apardılar. Səhhətini də qənaətbəxş bilib, evə buraxdılar. Üstündən 9 gün keçəndən sonra uşağın vəziyyəti dəyişdi. Artıq mən gördüm ki, uşaq bu xəstəxanalıq deyil, Bakıya aparmaq lazımdır. Təkid etdim ki, sizin bacarmayacaqsınızsa, mənə göndəriş yazın, uşağı aparım. Halbuki bu göndərişi it dişləyən gün özləri verməli idilər. Ora göndərməli idilər. 1 nömrəli xəstəxana sırf infeksion xəstəliklərə baxır. Həkimlərin səhlənkarlığı ucbatından baş verdi.

 

Müsahibimiz deyir ki, Zeynəbi müayinə edən həkimlə nə qədər əlaqə saxlamağa çalışsa da, zəngləri cavabsız qalıb.

 

"Uşağı ora aparanda həmin həkimi tapa bilmədim. Dəfələrlə zəng elədim ki, bəs bu körpənin azyaşlı qardaşı və bacısı var. Bu sənin xəstəndir, bunu müayinə etmisən, evə buraxmısan, indi gəl evdəki uşaqlara zamin dur ki, bunlara heç nə olmayacaq. Zamin dur ki, o uşağın ünsiyyətdə olduğu uşaqlara keçməyib. Uşaqlarla deyib gülürdü, amma sən demə bu virus öz işini görürmüş. Xəbərimiz yox idi, adi insanlarıq biz haradan biləydik? Uşaqda quduzluq olduğunu vaxtında bilsəydik, onu lazım olan yerlərə aparardıq. O qəssab uşaq qatili Mahal həkimin ümidinə buraxmazdıq".

 

Vəziyyəti pisləşən Zeynəbi daha sonra Bakı  şəhər 1 saylı Uşaq İnfeksion Xəstəxanasına gətiriblər.  Burada həkimlər bildiriblər ki, bir gündən sonra sizə məlumat veriləcək. Daha sonra ailəyə Zeynəbdə quduzlaşma getdiyi deyilib. 4 gün xəstəxanada qalan Zeynəbin həyatını xilas etmək mümkün olmayıb. 

 

"Bakıda dörd gün qaldı. Oradakı həkimlər sağ olsun onlar əllərindən gələni etdilər. Onlar artıq bilirdilər ki, uşağın son nəfəsidir. Lakin həkimlərin səyinə baxmayaraq uşaq həyatda qalmadı. Cavabdehlik daşıyan hansı qurumdur, hansı həkimdir, bir nəfər buna görə məsuliyyət daşımalıdır. O həkim barəsində qəti şəkildə cinayət işi açılmalıdır".

 

Zeynəbin nənəsi Şeyda Seyfəliyeva uşağın son ana kimi imdad istədiyini deyir.

 

"Kömək istəyirdi, "Şeyda nənə, mənə kömək et" deyirdi. "Ay Allah mən neynəyim" deyirdi. Deyirdim "nə olub, Zeynəb" deyirdi ki, boğuluram. Su keçmirdi boğazından. Həkim Bakıda dedi ki, gərək uşağı bu vəziyyətdə evə buraxmayaydılar, uşağın vəziyyəti ağırdır".

 

Sumqayıt şəhər travmatologiya xəstəxanasından Zeynəbi müayinə edən həkimin hazırda məzuniyyətdə olduğunu bildirdilər. Sumqayıt şəhər Təcili Tibbi Yardım Stansiyasının baş həkim müavini Mirnazir Muxtarov isə deyir ki, buraya it dişləməsi diaqnozu ilə gətirilən Zeynəbə dərhal ilkin tibbi yardım göstərilib, vaksin vurulub.

 

"Xəstəyə ilkin "Antrabik" zərdabı vurulub, daha sonra xəstəxana tərəfindən şöbəyə köçürülüb. İyulun 31-dən 4-nə kimi müayinə, müalicə alıb, xəstənin vəziyyətində heç bir ağırlaşma baş verməyib. Plana uyğun olaraq ayın 3-də ikinci vaksin vurulub.  Ayın 4-də tam kafi vəziyyətdə evə yazılıb. Üstündən təqribən 10 gün keçdikdən sonra növbəti vaksinasiya alıb, bu zaman xəstə özünü qeyri-adekvat aparıb. Bu səbəbdən biz dərhal 5 yaşlı Zeynəbi Bakı Şəhər 1 saylı yoluxucu xəstəliklər xəstəxanasına göndərdik".

 

Ailə üzvlərinin səsləndirdiyi ittihamlara gəldikdə isə həkim bildirir  ki, it dişləməsi, yaxud da müxtəlif  heyvan sancmaları diaqnozu ilə  xəstəxanaya tez-tez müraciət edilir. İlkin yardım göstərildikdən sonra onlar evə buraxılır.  

 

"İsti havalardır, əgər müəyyən dişləmələr,  sancmalar baş verirsə, qəbul olunmuş qaydaya görə xəstə müayinə olunur, dərhal vaksin vurulur. Sonra növbəti dəfə zərdab vurmaq gələcəkləri vaxt deyilir. Həmin xəstəyə də bu qaydada yardım göstərmişik".

 

Sahibsiz itlərin küçələrdən yığışdırılmasına gəlincə isə Sumqayıt Şəhər Təmizlik Departamentinin baş direktoru Məhəmməd Məmmədov bildirir ki, Sumqayıt şəhərinin ərazisi böyükdür, departament mütəmadi olaraq sahibsiz itlərin küçələrdən yığışdırılması üçün iş aparır.

 

"Bunu birinci növbədə vətəndaşların müraciətləri əsasında edirik. İtlərin quduzlaşdığı müəyyən olunanda müəyyən vasitələrlə onları zərərsizləşdiririk. Məişət tullantıları poliqonuna aparırıq. Orada qazıntı aparılır, yandırılır, məhv edilir, üstü bağlanır ki, gələcəkdə infeksiya olmasın. Qaldı ki, balaca küçüklərə, onlar da əməkdaşlarımız tərəfindən yığılır, poliqona aparılır. Poliqona tökməkdə məqsədimiz nədir? Bu gün poliqonda qida məhsulumuz var, məişət tullantıları ilə qarışıq qida məhsulu var. O itlər həmin qidadan bəhrələnir".

 

Müsahibimiz deyir ki, dəhşətli hadisənin baş verdiyi həmin ərazidə sahibsiz itlərin  olması barədə onlara heç bir məlumat verilməyib. Hazırda isə ərazidə şübhə doğuran bütün itlər yığışdırılaraq poliqona göndərilib.

 

Qeyd edək ki, Səhiyyə Nazirliyi də 5 yaşlı Zeynəb Mİkayılzadənin it dişləməsi nəticəsində quduzluqdan dünyasını dəyişməsi diaqnozunu təsdiq edib. Nazirliyin Respublika Taun Əleyhinə Stansiyanın Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri Rita İsmayılova deyib ki, bu hal cari ildə qeydə alınan ilk haldır.

 

Onun sözlərinə görə, dişləmə çox təhlükəli yerlərdən - baş nahiyəsindən olduğundan vaksin təsir etməyib. Şöbə müdiri deyib ki, dişləmələr üz, alın nahiyəsindən, əl və barmaqlardan olarsa, vaksin çox zaman təsir etmir, orqanizmdə vaxtında immunitet yaranmır. Ötən gün qeydə alınan halda da uşaqda immunitet və hemoqlobin aşağı olduğuna görə xəstəlik ölümlə nəticələnib.

 

 

 

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR