Kür qırağında "razborka": keçmiş məhkum borc üstündə öldürüldü

Şirvanda borc üstündə əvvəllər məhkum edilmiş şəxs qətlə yetirilib.

 

APA TV-nin Mil-Muğan bürosunun verdiyi məlumata görə, Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş 1981-ci il təvəllüdlü Əvəz Kərim oğlu Əliyev bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Baxış keçirilərkən onun aldığı xəsarətdən öldüyü məlum olub.

 

Araşdırmalar zamanı hadisənin Şirvan sakini, 1984-cü il təvəllüdlü Məmmədov Yaşar Malik oğlu tərəfindən Kür sahilində törədildiyi müəyyənləşib. Belə ki, Y. Məmmədovla həmin şəxs arasında mübahisə düşüb. Dünyasını dəyişən şəxs Y. Məmmədovu silahla hədələyib. Bu zaman Y. Məmmədov üzərindəki bıçaqla ona xəsarət yetirib. O, daha sonra yaralını xəstəxanaya çatdırıb və polisə təslim olub.

 

Hadisə baş verən vaxt Y. Məmmədovun həmin ərazidə olan qardaşı, 1981-ci il təvəllüdlü Anar Məmmədov da polis tərəfindən saxlanılıb. Hadisə yerinə baxış keçirilib və oradan 1 ədəd "Makarov" tipli tapança götürülüb. İlkin məlumata görə, hadisə borc üstündə olub.
 

Onu da qeyd edək ki, Yaşar Məmmədovun bildirdiyinə görə, qətlə yetirilən şəxs əvvəlcə qardaşını silahla hədələyərək onu vurmaq istəyib. İlk anda silah açılmayıb. Silahın qundağı ilə Anarın başına zərbə endirdikdən sonra yenidən silahı atəş halına gətirən mərhum silahdan atəş açıb. Bunu görən Yaşar qardaşını xilas etmək məqsədi ilə onu bıçaqla vurub.   

 

Faktla bağlı araşdırmalar davam etdirilir, hər iki qardaş polis tərəfindən saxlanılıb.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı

OXŞAR XƏBƏRLƏR