660 bal toplayan abituriyent niyə ali məktəbə qəbul ola bilmir? - AÇIQLAMA
600-dən çox bal topladılar, lakin ali məktəbə qəbul ola bilmədilər. Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinə keçirdiyi müsabiqənin nəticələrinə əsasən III və IV qrup üzrə 620, 640, 660 baldan yuxarı nəticə göstərən 3 abituriyent ali məktəbə daxil ola bilməyib. Mərkəzin mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə bu paradoksun səbəbini belə izah edir:
"3-cü qrup üzrə 660-dan yuxarı bal toplayan abituriyentlər ixtisas seçimi ərizələrində yalnız bir ixtisası qeyd ediblər. Müsabiqə nəticəsində həmin ixtisasa ödəniş qəbul üzrə formalaşmış keçid balı daha yuxarı olub. Yəni o abituriyentlərdən daha çox bal toplayan abituriyentlər həmin ixtisas üzrə ali məktəbə qəbul olublar".
Xanlar Xanlarzadə deyir ki, abituriyentlərin ixtisas seçimində səhvə yola vermələri fikri yanlış yanaşmadır.
"Həmin abituriyentlərin yalnız bir məqsədi var, görünür onlar yalnız bir ixtisas üzrə oxumaq istəyirlər. Yəni həmin ixtisas üzrə dövlət sifarişi əsasında yəni pulsuz təhsil almaq istəyirlər. Buna görə həmin abituriyentləri günahlandırmaq yanlışdır".
Təhsil eksperti Kamran Əsədov isə deyir ki, yüksək bal toplayan abituriyentlərin qəbul ola bilməməsinin əsas səbəbi yanlış yanaşma tərzidir.
"İxtisas seçimi zamanı abituriyentlər Dövlət İmtahan Mərkəzinin onlara yardımı vəsait kimi təqdim etdikləri "Abituriyent" jurnalının 2 və 4 nömrəli saylarından istifadə edirlər. Onlar hesab edirlər ki, bu il də "Abituriyent" jurnalında dərc olunan ballar təkrarlanacaq. Abituriyentlərin səhvi ixtisas seçimi zamanı yalnız jurnalın 2-ci sayına baxmalarıdır. Onlar nə qədər abituriyentin müsabiqəyə buraxıldığına diqqət yetirməyiblər".
Ekspert hesab edir ki, növbəti illərdə ali məktəblərə qəbul imtahanlarında müəyyən dəyişikliklərə ehtiyac var:
"Ali məktəblərə qəbul imtahanlarında müəyyən baldan yuxarı bal toplayan şəxsləri müsabiqədən kənar, ixtisas seçimi etmədən istədiyi ixtisas üzrə ali məktəbə qəbul etməliyik. Məsələn, 660-dan yuxarı bal toplayıbsa, deməli bizim tələb etdiyimiz bilik və bacarıqlara malikdirlər. Onları ixtisas seçimi etmədən ali məktəbə qəbul etməliyik"
Qeyd edək ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi davam edir. Müsabiqədən keçə bilməyən abituriyentlər avqustun 20-dək boş qalan yerlər üçün müsabiqədə iştirak edə bilərlər.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV