ABŞ-ın neft ehtiyatlarının həcmi azalsa da, qiymətlər bahalaşmır

ABŞ-ın neft ehtiyatlarının həcminə dair hesabat qiymətlərə qısamüddətli təsir göstərib. APA TV-nin məlumatına görə, Amerika Neft İnstitutu ölkənin kommersiya neft ehtiyatlarının 7,5 milyon barel azalacağını proqnozlaşdırmışdı, analitiklər isə azalmanın 3,06 milyon olacağını iddia edirdilər. Energetika Nazirliyinin açıqladığı hesabatda isə azalma gözlənildiyindən çox olub. Nazirlik ötən həftə ölkənin neft ehtiyatlarının 8,9 milyon barel azaldığını açıqlayıb. Hazırda ABŞ-ın 466 milyon barel neft ehtiyatının qaldığı bildirilir.

 

Təhlükəsizlik normalarına riayət olunmadığına görə Liviyanın Şarara neft yatağında gündəlik hasilat 150 min barel aşağı düşüb. Buna rəğmən hər iki amil neftin qiymətinə dəstək ola bilmir. Hazırda "Brent" markalı neft 50,45 dollardan satılır, Qərbi Texas neftinin qiyməti isə 46,86 dollara enib.

 

Sabah ABŞ-da qaya nefti hasilatına cəlb olunan buruqların sayına dair növbəti hesabat açıqlanacaq. Ekspertlər buruqların sayının bu həftə də artacağını, ölkədə qaya nefti hasilatının genişlənəcəyini proqnozlaşdırırlar. Birjalarda neftin qiymətinin bahalaşmasını ləngidən bu proqnozlardır.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR