BakIda mənzillərin kirayə qiymətləri qalxıb - ARAŞDIRMA

"Tələbəyəm, gəlmişəm, 3 otaqlı kirayə ev axtarıram, çox bahadır, Elmlər Akademiyası, Nəriman Nərimanov - bütün ərazilərə baxmışıq, 300-400-dür  qiymətlər. Keçən il 250-300 manata qalmışıq, amma indi qiymətlər qalxıb".

 

"Kirayə ev axtarırıq, bahaçılıqdır, ev tapmaq olmur, əsas da oğlan tələbələrə ev vermirlər".

 

"Ev axtarıram, çox bahadır, 250 manata ev tapmaq qeyri mümkündür, həyət evləri tapmaq olur, amma bina evləri qeyri mümkündür".

 

Universitetlərin açılmasına təxminən bir aydan az vaxt qalsa da, kirayə evlər tapmaq artıq çətinləşib. Evlərin qiyməti ötən aylarla müqayisədə 50-100 manat bahalaşıb. Əmlakçılar deyir ki,  kirayə evlərin qiymətlərinin qalxmasına səbəblər var: "Beş mərtəbələrin sökülməsinə görə kirayə evlərin qiymətləri qalxıb. Bir otaqlılar 250-300, 2 otaqlar 300-350, 3 otaqlar isə 400-450 manat arasındadır".

 

"Ötən illərdən fərqli olaraq bu il kirayə mənzillərə tələbat çoxdur, həm də pilot layihə ilə əlaqədar olaraq söküntülər var. Yasamalda, "İnşaatçılar" metrosunun  yanında 224-ə yaxın mənzil sökülür və ailələrin tələbatına görə mənzillərdə qıtlıq yaranıb. İstər-istəməz sentyabr ayının 15-i yaxınlaşdıqca, tələbə axınına görə kirayə evlər azdır".

 

Əmlakçı Münasib Ağakişiyev deyir ki, ötən il 200-250 manata kirayə verilən evlər hazırda 300-350 manata təklif olunur. Deyir, tələbat xüsusən bina evlərinədir: "Köhnə binalarda təmirindən asılı olaraq 1 otaq 200-250 manat, 2 otaq 300-350, 3 otaqlı mənzillər 400-450 manat arasında dəyişir, amma yeni binalarda bir otaq 400 manat , 2 otaq 450-500 manat, 3 otaqlılar 550-600 manatdır. Tələbat əsasən ali məktəblərə yaxın ərazilərədir.  Elmlər Akademiyası metrosu, Bakı Dövlət Universitetinə yaxın, "İnşaatçılar" metrosuna yaxın səmtlərədir".


Əmlakçının sözlərinə görə, kirayə mənzilindən fərqli olaraq, satış bazarında heç bir dəyişiklik yoxdur, əvvəlki qiymətlər olduğu kimi qalıb:"Satış bazarında ilin əvvəlindən stabillik qalıb, nə artma nə azalma var, bu, pilot layihə üzrə yeni binaların tikilməsi ilə əlaqədardır. Amma tələbat hələ də güclü deyil".

 

Daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyir ki, kirayə mənzil bazarında bahalaşma mövsümü xarakter daşıyır: "Kirayə mənzil bazarında bahalaşma var, bunu il üzrə götürsən 13 faiz artıqdır, amma iyun-iyul aylarında bahalaşma müşahidə edilmir, əvvəlki illərin təcrübəsinə istinad etsək, avqustun 20-dən sonra oktyabr ayına kimi 10-12 faiz, məsələn keçən il 8 faiz artım müşahidə olunub, bu aylarda bahalaşma tələbələrin axını ilə bağlıdır. İyul ayında bazardan 880 mənzil toplamışıq, indi ola bilsin ki, bəzi təkliflər bizim portfelə düşməyib, amma tələbə qəbulu bundan artıqdır, bu da kirayə mənzil bazarında bahalaşmaya gətirib çıxarır".

Ekspert turizm mövsümü ilə əlaqədar bölgələrdə də, kirayə evlərin qiymətlərinin əvvəlki illərlə müqayisədə 20 faiz bahalaşdığını bildirib.

Rieltorlar tələbatın daha çox köhnə tikililərə olduğunu deyir. Alqı-satqı ilə yanaşı kirayə verilən mənzillərdə də qiymətlərin ötən aylara və illərə nisbətən artacağı gözlənilir. Bakının bəzi rayonlarında isə indidən kirayə mənzil qıtlığı yaranıb.

Hazır mənzil bazarından fərqli olaraq torpaq alqı-satqısında durğunluq yaşanır. Qiymətlərin artacağı gözlənilmir.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR