Nuşirəvan Məhərrəmli: "Aparıcılar şivə, ləhcə ilə danışır"

"Telekanallarda ədəbi dil normaları - istər fonetik, istər leksik, istər qrammatik, istərsə də üslubi səviyyədə pozulur". APA TV-nin məlumatına görə, bunu  Milli Televiziya və Radio Şurasını sədri Nuşirəvan Məhərrəmli deyib.

Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması layihəsi üzrə aparılan monitorinqin nəticələrinə əsasən, 850 pozuntu qeydə alınıb. Bunlardan 371-i fonetik, 177-i leksik, 200-ü qrammatik, 104-ü üslubi norma pozuntularıdır: "Azərbaycanda ədəbi dil normaları sovet dövründə ciddi şəkildə qorunurdu, amma müstəqillik əldə etdikdən sonra televiziyalarda məişət xarakterli verilişlərin meydana gəlməsi dilimizə də təsir etdi. Xüsusən aparıcıların danışığında özünü hiss etdirdi".

 

Nuşirəvan Məhərrəmli qeyd edib ki, narahatedici məqamlar aparıcıların efirdə şivə, ləhcə və sürətli danışması ilə bağlıdır. Onun sözlərinə görə görə, aparıcılar o qədər sürətlə danışır ki, dediklərinin mahiyyətini başa düşmək olmur: "Azərbaycanda aparıcılar danışıqlarında bəzən xarici dillərin təsiri altında ifadələr, cümlələr işlətməklə bir növ efirə yeniliklər gətirmək, izləyicinin diqqətini cəlb etmək istəyir. Hesab edirəm ki, bu mənfi haldır, Azərbaycan dilinin saflığı qorunmalıdır, təəssüf ki, bu bizdə belə deyil".

 

Monitorinq prosesinə "İctimai TV", ATV, "Space", "Lider", "Xəzər" və ARB telekanalları cəlb olunub. Monitorinqlərin nəticələri çap edilən hesabatda əks olunub.

Qeyd edək ki Monitorinqlər Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi və "Elektron Mediaya Yardım Fondu"nun "Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması" layihəsi çərçivəsində cari ilin iyun-iyul aylarında aparılıb.

 

 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR