Bakıda güclü yanğın: ticarət obyektlərinə ciddi ziyan dəydi

Bakının Binəqədi rayonunda güclü yanğın baş verib. APA TV-nin məlumatına görə, hadisə Binəqədi kəndində qeydə alınıb.

 

Yanğın tikinti materiallarının satışı mağazasının damından başlayıb. Hava küləkli olduğundan alov mağazalar, aptek və çay evinin yerləşdiyi binanın damına sürətlə yayılıb.

 

Hadisə yerinə Binəqədi və qonşu rayonların yanğından mühafizə hissələrinin texnika və canlı qüvvəsi cəlb edilib. Ərazidə qərargah yaradılıb.

 

FHN-nin məlumatına görə, yanğın vətəndaşa məxsus ümumi sahəsi 175 m2 olan mansard tipli tikinti materiallarının satışı mağazasında baş verib. Nəticədə mağazanın dam örtüyü və mansardı 168 m2 sahədə, ona bitişik ümumi sahəsi 96 m2 olan çay evinin damı və mansardı yanıb. Mağazanın qalan hissəsi və digər bitişik mağazalar yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Yanğın mağazalara keçməsə də, ticarət obyektlərinə ciddi ziyan dəyib.

 

Faktla bağlı araşdırmalara başlanılıb. Yanğının səbəbləri dəqiqləşdirilir.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR