Dünya Skaut Gənclər Forumunun Avrasiyada keçirildiyi ilk ölkə Azərbaycan oldu

Qəbələ rayonunda 13-cü Dünya Skaut Gənclər Forumu öz işinə başlayıb. Gəncər və İdman Nazirliyinin dəstəyi, Ümumdünya Skaut Hərəkatı Təşkilatının və Azərbaycan Skautlar Assosiasiyasının təşkilatçılığı ilə keçirilən Dünya Skaut Gənclər Forumunda 133 ölkədən 320 gənc iştirak edir.

APA TV-nin yerli bürosunun xəbərinə görə, Qəbələ şəhərindəki “Qafqaz Resorte” otelində keçirilən forumun açılış mərasimində çıxış edən Ümumdünya Skaut Hərəkatı Təşkilatının icraedici orqanı olan Ümumdünya Skaut Komitəsinin sədri Joao Armando Qonsalves çıxış edərək rəhbərlik etdiyi təşkilat barədə məlumat verib. O bildirib ki, Ümumdünya Skaut Hərəkatı Təşkilatı dünyanın 224 ölkəsi və regionunda fəaliyyət göstərir və 40 milyon üzvü öz ətrafında birləşdirir.

Sonra Dünya Skaut Gənclər Forumunun sədri və hazırkı gənc məsləhətçi Jeremi Apert, Ümumdünya Skaut Hərəkatı Təşkilatının Baş katibi Əhməd Ələndəvi çıxış edərək bildirib ki, “Arzula, inan və hərəkət et” devizi altında keçirilən bu forum 18-26 yaşlı skautlar arasında ünsiyyətin qurulması və gənc liderlərin ideyalarının mübadiləsi platformasıdır. Bu forum iştirakçıların sayına və təmsil olunan ölkələrin müxtəlifliyinə görə skaut hərəkatı tarixinin ən böyük toplantısıdır.

Avqustun 10-dək davam edəcək tədbirdə iştirakçı gənclər dünyada baş verən proseslərə təsir məqsədilə müxtəlif mövzular üzrə müzakirələr aparacaq.

Forumda Azərbaycan Skautlar Assosiasiyasının prezidenti İlyas İsmayıllı bildirib ki, rəhbərlik etdiyi təşkilat 1997-ci ildə fəaliyyətə başlayıb və 2000-ci ildə Ümumdünya Skaut Hərəkatı Təşkilatına üzv qəbul edilib. Ölkəmizdə gənc nəslin tərbiyəsində mühüm rol oynayan Azərbaycan Skautlar Assosiasiyasının 16 bölgədə 1750-dən artıq üzvü var.

Çıxışlardan sonra beynəlxalq tədbir işini plenar iclaslarda davam etdirib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR