Türkmənistan prezidenti: "Azərbaycanla münasibətlərimiz yeni mərhələyə qədəm qoyub"

"Azərbaycana səfərim böyük əhəmiyyət kəsb edir". Bu fikirləri Azərbaycana səfərə gəlmiş Türkmənistan prezidenti Qurbanqulu Berdımühəmmədov dövlət başçısı İlham Əliyevlə təkbətək görüşdə deyib.

Prezident bildirib ki, müasir dövrdə Türkmənistan-Azərbaycan münasibətləri özünün yeni mərhələsini yaşayır: "Bu, həm siyasətdə, həm iqtisadiyyatda, həm də mədəni-humanitar sahədə müşahidə olunur. Xüsusi qeyd etmək lazımdır ki, həm Türkmənistan, həm də Azərbaycan dünyada təhlükəsizlik, firavanlıq, sabitlik və inkişaf üçün hər şeyi edir. Bizim ölkələrimiz bu siyasəti həyata keçirmək üçün Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyət göstərir, bir-birini dəstəkləyirlər".

Qurbanqulu Berdımühəmmədov verdiyi dəstəyə görə Azərbaycan prezidentinə təşəkkür edib: "Biz Sizə minnətdarıq ki, Siz Türkmənistanın neytral statusa əsaslanan siyasətini həmişə dəstəkləyirsiniz. Ticari-iqtisadi münasibətlərə gəldikdə, bu gün həm Türkmənistan, həm də Azərbaycan energetika, nəqliyyat və digər sahələrdə iri layihələri reallaşdırmaqla nəinki regionda, həm də dünya miqyasında xüsusi yer tutur. Bu, təkcə iki ölkənin, yalnız regionun inkişafına töhfə verməklə məhdudlaşmır, ölkələrimizin reallaşdırdığı layihələr böyük əhəmiyyət kəsb edir və dünyada da müəyyən rol oynayır".

Türkmənistan prezidenti Azərbaycan dövlət başçısını Aşqabadda keçiriləcək qapalı məkanlarda döyüş sənəti üzrə V Asiya Oyunlarının təntənəli açılış mərasimində iştiraka dəvət edib. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR