Günvurma zamanı bunları etmək vacibdir - HƏKİM MƏSLƏHƏTİ
Son bir neçə gündə temperaturun daha da yüksəlməsi müşahidə edilir. APA TV-nin məlumatına görə, bu səbəbdən günvurma və digər xəstəliklərlə həkimə müraciət edənlərin sayı artıb. Çəkiliş zamanı da ilkin diaqnozu günvurma ehtimal olunan şəxsə tibbi yardım göstərildi. Həkim Nefroloq-terapevt Taleh Nağdəliyevdən günvurma zamanı ilkin tibbi yardımın necə göstərildiyini soruşduq: "Belə olan hallarda xəstəni əvvəlcə kölgəlik bir yerə gətirib, uzanıqlı vəziyyətdə saxlayırıq. Xəstənin başı yan tərəfə çevrilməlidir. Xəstənin ağzında qusuntu məhlulunun olub-olmadığını, bədən temperaturunu əlimizlə yoxlayırıq. Hiss etsək ki, temperatur yüksəkdir, mütləq xəstənin əynindəki paltarlar sərbəstləşdirilməlidir. Hər yerdə fərqli yardım göstərilə bilər. Əgər xəstə evdədirsə, mütləq həmin hallarda normal otaq temperaturu şəraitində olmalıdır. Havalandırma sistemi mütləq işləməlidir. Otaqda olan nəfəsliklər pəncərədən mütləq açılmalıdır. Ən böyük yanlışlardan biri xəstənin ətrafında həmin vaxtı çox insanın olmasıdır. İnsanların toplanmasına yol vermək olmaz, ancaq yardım edə biləcək insanlar xəstənin ətrafında olmalıdır".
Həkim deyir ki, günvurma zamanı xəstənin təzyiqi aşağı düşür. Məhz buna görə də mütləqdir ki, xəstənin ayaqları hündür yerə qoyulsun: "Gördüyünüz kimi xəstənin ayağını hündür yerə qoyduq. Ona görə ki, xəstənin ətraflarında olan qan geri dönərək qan dövranına qoşulsun və xəstənin itirilmiş huşu bərpa olunsun. Yanaşı olaraq xəstənin təzyiqi, temperaturu ölçülə bilər. Bədəni nəm əskilərlə, yaxud salfetlə silinə bilər. Bu ilkin tədbirlər görüldüyü zaman mütləq təcili tibbi yardıma müraciət edilməlidir. Qeyri-peşəkar edilən yardım uzana və fəsadlar yarana bilər. Günvurma və istivurmada, tənəffüs və ürək pozuntusu ola bilər. Burada da mütləq EBS tədbirləri, ürəyin qapalı masajı aparılır".
Müsahibimiz deyir ki, bu cür xəstələrə ilkin yardım zamanı qatıq verilir ki, bu da yanlışdır. Onun sözlərinə görə, huşsuz vəziyyətdə olan insana su da vermək olmaz: "İstər zəhərlənmə, istərsə də, günvurma zamanı qatıq verilir ki, bu da yanlış təsəvvürdür. Həzm sisteminin divarını tutmaqla, daha sonra qəbul olunacaq dərman vasitələrinə, suyun sorulmasına mane olur. Ən düzgün müalicə huşu özündə olan xəstəyə su verilməsidir".
Bəs günvurmanı özünüzdə necə hiss edə bilərsiniz? Həkim buna da aydınlıq gətirdi: "Bu daha çox bədənin susuz qalmağının bir əlamətidir. Bədən susuz qaldıqda istər istəməz dəri quruluğu, dildə quruluq, selikli qişalarda gözdə quruluq yaranır. Xəstənin maye itirdiyi hiss olunur. Günvurma zamanı dəri yandığına görə, tər vəzilərinin fəaliyyəti pozulur. Dəri nəmlənə bilmir. İstilik bədəndə qalır, o da temperaturun yüksəlməsinə və xəstənin vəziyyətinin pisləşməyinə gətirib çıxarır. Müxtəlif əlamətlər ola bilər - ürək bulanma, halsızlıq, hətta ən son məqamda huşun itirilməsi baş verə bilər.
Taleh Nağdəliyev insanların isti havalarda bir çox qaydalara riayət etməsini tövsiyə edir: "İlk növbədə istinin və günün təsiri olan ərazilərdən uzaq olmaq. Daha sonra, xüsusi ilə də çimərliklərdə ehtiyatlı olmaq lazımdır. Bütün günü dənizdə keçirmək olmaz. Çimərliklərdə keçirilən vaxt məhdud olmalıdır. Günəşin mənfi təsirlərinə məruz qalmaq olar. Bu adətən səhər saat 8-11, axşam saat 5-7 arası məsləhət görülən vaxtlardır. Digər vaxtlarda isə güclü günvurma, istivurma əlamətləri ola bilər. Geyimə fikir vermək lazımdır. Açıq rəngli, hava keçirən paltarlardan istifadə etmək lazımdır ki, bədən dəri səthi ilə nəfəs ala bilsin. Yay aylarında xüsusi ilə də dərəcəsi çox olan alkoqollu içkilərdən uzaq olmaq lazımdır. Yüksək dozada olan alkoqollu içkilər orqanizmdə müəyyən fəsadlar törədir, günvurma və istivurmanın təsirini daha da artıq bilər".
Xroniki xəstəliklərdən əziyyət çəkənlər - xüsusi ilə də ağciyər, böyrək, ürəkdən əziyyət çəkən, təzyiqi yüksək olan şəxslər diqqətli olmalı, qida rasionuna fikir verilməlidirlər: "Çox yağlı, duzlu qidalar məsləhət görülmür. Bədəndə duzun miqdarının artıq olması da istivurma və günvurma zamanı əlavə fəsadlar törədə bilir. Yay mövsümünə uyğun olan qidalardan istifadə etmək lazımdır. Böyrək xəstələrinə məsləhət görərdim ki, gün ərzində su ehtiyatlarını bol tutsunlar. Çoxlu maye qəbul etsinlər. 2-3 litr bəzən daha çox ola bilər. Evdən çölə çıxdıqda mütləq özləri ilə su götürsünlər".
Bu kimi xəstələrin xüsusi ilə də meteohəssas insanlara günün altında çox qalmamaqları tövsiyə olunur. Həkim deyir ki, yay aylarında otağın temperaturu 23-25 dərəcə arasında olmalıdır. Taleh Nağdəliyev uşaqların gündüz saatlarında çimərliklərə aparılmamasını, mümkün qədər baş örtüyündən, xüsusi yaylıqlardan istifadə etmələrini məsləhət görür.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV