Sumqayıtda yanan yataqxananın sakinləri gecəni çadırlarda keçirəcək

Avqustun 5-də yanğın baş vermiş Sumqayıt Dövlət Universitetinin yataqxanasının həyətində çadırlar qurulub.

APA TV xəbər verir ki, həmin sığınacaq çadırları yanğın zamanı beşmərtəbəli binanın 3-cü mərtəbəsində yaşayan və mənzillərinə ziyan dəymiş ailələr üçün nəzərdə tutulub. Həmin vətəndaşların həyat fəaliyyətini təmin etmək üçün avqustun 6-da Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunları tərəfindən 22 çadırın quraşdırılmasına başlanılıb.

Çadırların quraşdırılması işlərinə FHN Mülki Müdafiə Qoşunlarının 35 nəfərlik şəxsi heyəti və texnikası da cəlb olunub. Bu çadırlarda yanğından ziyan görmüş 22 məcburi köçkün ailəsinin 88 sakini müvəqqəti məskunlaşdırılıb. Onların qida, su və digər ehtiyacları isə Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən qarşılanacaq.

Baş verə biləcək hər hansı təhlükənin qarşısının alınması üçün çadırların ətrafında FHN-in yanğınsöndürən maşınları ilə yanaşı, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları da növbəli xidmət aparır.

Qeyd edək ki, avqustun 5-də Sumqayıt Dövlət Universitetinin beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsinin dəhlizində yanğın baş verib. Nəticədə dəhlizdə taxta konstruksiyalardan quraşdırılmış rəflər, əşyalar 100 kv/m sahədə və 15 otağın giriş qapıları yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 15 nəfər bina sakini xilas, 20 nəfəri isə təxliyyə edilib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR