5 ulduz otellərdə ABAD satış mağazaları açılacaq

Azərbaycan prezidenti İlham Əliyev Balakən rayonuna son səfəri zamanı yeni fəaliyyətə başlayan "ABAD Mərkəz"in açılış mərasimində iştirak edib. Bu mərkəzin yaradılması bölgədə kiçik biznesin inkişafına dövlət dəstəyini artırmış olacaq, yerli sənətkarların hazırladığı məhsulların satış bazarının formalaşmasında mühüm rol oynayacaq. ABAD publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev deyir ki, regionlarda bu tip mərkəzlərin yaradılması davam edəcək.

 

"ABAD bir publik hüquqi şəxs prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılıb.  

Dünən prezident İlham Əliyevin iştirakı ilə Balakən ABAD Mərkəzin açılışını qeyd etdik. Bu ikinci belə bir mərkəzdir. İlk mərkəzimiz artıq Masallı "Asan Həyat" kompleksində fəaliyyət göstərir. Biz bu ABAD Mərkəzləri vasitəsi ilə insanların ilk biznes addımları atmasına yardım göstəririk. Sahələr üçün çərçivələr müəyyən edilməyib. Amma pilot layihə olaraq biz kənd təsərrüfatı məhsullarının və dekorativ tətbiqi xalq  sənətkarlığı nümunələrinin, suvenir məhsullarının istehsalına üstünlük vermişik. Hazırda bizim ətrafımızda 130 "ABAD"çı toplaşıb. Onlardan 22-si kənd təsərrüfatı məhsulları, digərləri isə suvenir məhsulları istehsal edən sənətkarlardır.

 

Rüfət Elçiyev suvenirlərin satışının 3 mağazada həyata keçirildiyini deyib.

 

"Suvenirlərin satışını 3 mağazada həyata keçirdirik. İçərişəhərdə, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında və Bakı Dəmiryolu Avtovağzalında. Növbəti addım olaraq belə mağazaların Bakıda yerləşən 5 ulduz otellərində açılmasını nəzərdə tutmuşuq. Sevindirici hal odur ki, satdığımız suvenirlərin alıcılarının 90 faizini xarici vətəndaşlar, turistlər təşkil edir. Satışdan əldə olunan vəsaitlər "ABAD"çıların hesabına köçürülür və qanunvericiliyə uyğun olaraq vergilər ödənilir. Artıq bizim fəaliyyətimiz nəticəsində "ABAD"çı termini formalaşıb. "ABAD"çılar əslində tam hüquqlu sahibkarlıq subyektləridir".

 

Balakən rayonunda fəaliyyət göstərən sahibkar Məhəmməd Bazarov ABAD publik şəxsə müraciət edərək konteyner aldıqlarını deyib:

 

"Biz ABAD-a müraciət etdik ki, bizə konteyner versinlər. Çünki elə mallarımız vardı ki, xarab olurdu. ABAD tərəfindən tezliklə belə bir konteyner verildi. Çox yüksək keyfiyyətli avadanlıqlarla təmin olunub. Konteynerdə insanların işinin rahatlaşması, keyfiyyətli məhsul alması üçün hər bir şərait var.  Biz artıq məhsul istehsalına başlamışıq. İstehsal edilən məhsullarımız isə cem və mürəbbələrdir. Alma cemi, gavalı cemi, şaftalı mürəbbəsi məhsulları istehsal edirik. Payız ayından isə xurma doşabı, şəkər qamışı doşabı bişirməyi nəzərdə tuturuq".

 

Sahibkar ABAD Mərkəzin təqdim etdiyi konteynerlər hesabına məhsul istehsalının artdığını deyib:

 

"İndiyə kimi evdə kustar halda da mürəbbə bişirirdik. Bu çox əziyyətlə əmələ gəlirdi. Bir gün ərzində ancaq 20-30 kiloqram cem bişirə bilirdik. Amma indi konteynerin köməyi ilə ən azı 250-300 kiloqram cem bişirmə imkanı əldə etdik. Həm də əl əməyindən az istifadə edilir. Texnoloji avadanlıqlar bizim işimizə köməklik edir".

 

“ABAD” publik hüquqi şəxsin Balakən regional “ABAD” mərkəzinin açılışından sonra xidmət tərəfindən bu rayonda yaşayan ailə bizneslərinə monoblok-konteynerlər şəklində verilmiş istehsal avadanlıqlarının təqdim etdiyi məhsullarla tanışlıq olub.

 

“ABAD” ailə təsərrüfatlarının istehsal etdiyi məhsulların brendləşdirilməsi,qablaşdırma və dizaynların tərtib olunması kimi işləri yekunlaşıb.“ABAD”çı ailələr artıq istehsalata başlayıb.

İstehsal olunan məhsulların “bir pəncərə” prinsipi əsasında sertifikatlaşdırılması və satışı da “ABAD” tərəfindən təşkil olunur.

 

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR