Bakı zooparkının əməkdaşı: "İstilər heyvanlara da təsir edir" - REPORTAJ

Yay mövsümündə valideynlər həm özünü,  həm  də övladlarını  şəhərin səs-küyündən  uzaqlaşdırmaq üçün daha  sakit və maraqlı məkana - Bakı Heyvanat Parkına üz tutur. Bura həm də uşaqların  çox sevdiyi məkandır. APA TV-nin məlumatına görə, yay tətili davam etdiyindən onları burada tez-tez görmək mümkündür.  Balacalar həm dincəlir, şəkil çəkdirir, həm də heyvanlara baxıb, onlar haqqında məlumat öyrənir: "Burada mənim daha çox şirlər,  meymunlar, durnalar, xoşuma gəldi. Durnalar  uça bilir, çox qəşəng heyvanlardır. Dovşanlar ona görə xoşuma gəlir ki, onlar yumşaqdır və tüklüdür. Ceyranın isə gözləri qəşəngdir. Buynuzları var". 

 

Bu balaca oğlan isə meymunu çox sevdiyi halda Face Art üçün pələngi seçib: "Adım Asimdir. Daha çox meymunu xoşlayıram. Burada ayıya , meymuna baxdım. Balıq da var idi. Onlara da baxdım".

 

Face ART ustası Pərvanə deyir ki, 2 ildir  Heyvanat Parkında çalışır. O, həm öz peşəsini sevir, həm də uşaqlarla işləməyi: "Uşaqlarla işləmək çox yaxşıdır. Uşaqların marağı çoxdur, üzlərinə heyvanların rəsmini əks etdirməyi xoşlayırlar. Şəkillərə görə qiymətlər də dəyişir.  Ən bahalısı pələngdir - 5 manat. 3-5 manat arasında  qiymətlər dəyişir. Bayram günlərində daha çox müraciət edirlər. Uşaqlar daha çox cizgi filmi qəhrəmanlarına üstünlük verir. Zooparkda isə heyvanlara daha çox üstünlük verirlər.

 

Aha, vaxtdır, bu balaca "pələng" güzgüdə özünə baxacaq: "Yaxşıdır. Xoşuma gəldi".

 

Heyvanat parkını gəzdiyimiz zaman  turistlərə də rast gəldik. Onlarla da söhbətləşdik: "Qızımın bura çox xoşuna gəlir. Ancaq şərait çox da yaxşı deyil. Heyvanlar üçün daha yaxşı yer və şərait yarada bilərdilər".

 

Bakı Heyvanat Parkının Zooloji  şöbəsinin müdiri Pərvanə Səfərova deyir ki, artıq bununla bağlı addım atılıb. Yaxın günlərdə ərazi genişlədirilərək, Avropa standartlarına uyğunlaşdırılacaq.  Bundan sonra,  heyvanat parkına yeni heyvanların gətirilməsi də nəzərdə tutulur: "Bəzi heyvanlar var ki, bura gələn sakinlər o heyvanları  görmək istəyir, ərazi böyüyəndən sonra daha çox heyvan gətiriləcək. Burada yırtıcı heyvanlar var ki,  yeri bir az geniş olsa daha yaxşı olardı. Nəzərdə tutulub. Volyerlərin hər biri genişləndiriləcək. Daha böyük ərazilərdə məskunlaşacaqlar".

 

Şöbə müdiri deyir ki, Zoopark  heç bir yerə köçürülməyəcək. Heyvanat parkının istifadə olunmayan ərazisi var ki, burada  yenidənqurma işləri həyata keçiriləcək: "Axır vaxtlar zənglər olur ki, zoopark fəaliyyət göstərir, ya yox. Hələ ki, bağlanmayıb, fəaliyyətdədir.  Təmir olunanda da hissə-hissə olacaq. İnsanların bura gəlib gəzməsinə, istirahət etməsinə mane olmayacaq".

 

Pərvanə Səfərova deyir ki, istilər heyvanlara da təsir edir, onların qidalanmasına isə xüsusi diqqət yetirilir: "Mütəmadi olaraq sularına nəzarət edilir. Gün ərzində bir neçə dəfə suları dəyişdirilir. Həm qapalı həm də açıq ərazilər var. Yayda isti olanda qapalı sahəyə keçirlər. Qış rasionundan yay rasionuna keçəndə isə bəzi qidalanmalar var ki, onların miqdarı dəyişilir. Bəzi heyvanlar var ki, bir dəfə, elələri var ki, iki dəfə qidalandırılır.

 

1200-ə yaxın heyvanın olduğu Zooparkda nəsil artımı da var: "Son 1 ay ərzində Qafqaz marallarımızın balası doğulub, Avstiriya  keçilərinin balası olub, cırtdan keçilərinin balası olub. Emunun balaları olub".

 

"Gördüyünüz bu bəbir, hazırda 5 aylıqdır. Bir ay bundan əvvəl bir vətəndaş tərəfindən zooparka hədiyyə edilib". 

 

Yaşlı heyvanların  bir çoxunun, bu yaxınlarda isə yaşlı meymunun öldüyünü deyir müsahibimiz.

 

Qeyd edək ki, Heyvanat parkına giriş  2 yaşına qədər uşaqlar üçün pulsuz, iki yaşından 10 yaşına qədər 1 manat, 10 yaşından yuxarı uşaqlar və böyüklər üçün isə giriş 2 manatdır.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR