IX Qəbələ Beynəlxalq Festivalının bağlanış mərasimi olub

Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, "Gilan Holdinq"in dəstəyi ilə keçirilən IX Qəbələ Beynəlxalq Musiqi Festivalı ötən bir həftə ərzində ölkəmizdə əsl musiqi bayramına çevrilməklə dünyanın diqqətini Azərbaycana yönəltdi. Ölkəmizin mədəni həyatında ən önəmli hadisələrindən biri olan bu festival zəngin proqramı və dəyərli qonaqları ilə yadda qaldı. Avropanın və dünyanın ən məşhur musiqiçilərinin ifaları Qəbələnin ecazkar təbiəti ilə ahəng təşkil edirdi.


APA TV-nin yerli bürosunun məlumatına görə, avqustun 3-də Heydər Əliyev Konqres Mərkəzində təşkil olunan IX Qəbələ Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi və yekun konserti də anşlaqla keçib. Mərasimdə Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov çıxış edərək, bu festivalın ölkəmizin həyatında əlamətdar hadisə olduğunu vurğulayıb. Fəttah Heydərov festivalın təşkilinə görə Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib, festivalın dünyada böyük əks-səda doğurduğunu qeyd edib. O əlavə edib ki, bu festival Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində mühüm addımdır.


Festivalın bədii rəhbərlərindən biri dünya şöhrətli violonçel ifaçısı Dmitri Yablonski çıxışında diqqətə çatdırıb ki, festival Heydər Əliyev Fondunun yaxından köməkliyi sayəsində reallaşıb. İyulun 29-dan avqustun 3-dək qədim Qəbələ şəhəri bu möhtəşəm musiqi festivalına uğurla ev sahibliyi edib.


Sonda səhnə Azərbaycan Dövlət Simfonik Orkestrinin ixtiyarına verilib. Dünya şöhrətli italiyalı dirijor Roberto Molinellinin rəhbərliyi ilə keçən konsertdə orkestri tanınmış Litva musiqiçisi Nomeda Kazlaus (soprano) və hazırda İtaliyada musiqi təhsili alan Azər Rzazadə (tenor) və Məhərrəm Hüseynov (baritone) müşaiyyət edib. Orkestr yüksək sənətkarlıq, fərdi ifa üslubu nümayiş etdirib və tamaşaçılara əvəzsiz təəssüratlar bəxş edib. Avropa səviyyəsinə uyğun ifa tərzi ilə seçilən Azərbaycan Dövlət Simfonik Orkestrinin konsertində bəstəkar R.Vaqner, P.İ.Çaykovski, C.Verdi, V.A.Motsart, R.Molinelli, İ.Kalmanın əsərləri səsləndirilib. Festivalın sonuncu konserti mindən çox tamaşaçının iştirakı ilə keçib və gurultulu alqışlarla başa çatıb.

Müəllif | Apa.Tv
Elvin Yaqubov

OXŞAR XƏBƏRLƏR