Prezident İlham Əliyev Zaqatalaya səfər edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Zaqatalaya səfər edib. Dövlət başçısı səfər çərçivəsində “Azərtütün” MMC-nin tütün emalı zavodunun fəaliyyəti ilə tanış oldu. Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və “Azərtütün” MMC-nin idarə heyətinin sədri Fazil Rüstəmov dövlət başçısına zavod barədə ətraflı məlumat veriblər. Bildirilib ki, müəssisənin illik gücü bir növbədə 3300-3600 tondur. “Azərtütün” MMC 2007-ci ildə təsis edilib. Cəmiyyətin bu zavodu isə 2010-cu ildə istifadəyə verilib. Zavod ABŞ, İtaliya və Bolqarıstan istehsalı olan müasir avadanlıqlarla təchiz olunub. Hazırda Zaqatala, Şəki və Qax rayonlarında Bolqarıstandan alınmış hər birinin tutumu 10 ton yaş tütün olan cəmi 180 tütünqurutma kamerasından ibarət 3 tütün qəbulu-qurudulması məntəqəsi fəaliyyət göstərir. Hər məntəqə mövsüm ərzində 10 min ton yaş tütün qəbulu və 1000 tona yaxın quru tütün əldə etmək gücünə malikdir. Məntəqələrdə qurudulmuş tütün emal olunmaq üçün “Azərtütün” MMC-nin tütün emalı zavoduna təhvil verilir. Hər bir məntəqədə 90 nəfər çalışır ki, onların da 25 nəfəri daimi işçidir.

 

Prezidenti İlham Əliyev “AzRose” MMC-nin tikintisi davam edən qızılgül yağı istehsalı müəssisəsi ilə də tanış olub. Bildirilib ki, müəssisənin ümumi ərazisi 3 hektardır. Burada istehsalat bölməsi, anbar, ofis və digər infrastruktur obyektləri tikilib.  Diqqətə çatdırılıb ki, 2016-cı ilin oktyabr-noyabr aylarında Türkiyədən və Bolqarıstandan dəvət olunmuş mütəxəssislərin tövsiyələri əsasında Zaqatala rayonunun Aşağı Tala kəndində gülçülüyün inkişaf etdirilməsi məqsədilə 107 hektar torpaq sahəsi müəyyənləşdirilib. Bolqarıstandan gətirilmiş tinglərdən 82 hektarda “Dəməşq qızılgülü” və 25 hektarda “Lavanda” gülü növləri üzrə gül plantasiyaları salınıb. Bu plantasiyalarda ilkin mərhələdə təxminən 600 ton gül ləçəyinin toplanması nəzərdə tutulub. İllik gücü 1250 ton yaş gül, 250 litr qızıl gül və 6 min litr “Lavanda” gül yağı olan müəssisədə istehsal edilən yağlar “AzRose” adı ilə bazarlara çıxarılacaq. Gələcəkdə isə həmin yağlardan istifadə etməklə müxtəlif ətriyyat, yuyucu, məişət və qida sənayesində istifadə olunan məhsulların istehsalı nəzərdə tutulur.

 

Zaqatalada 110/35/10 kV-luq “Bəhmətli” elektrik yarımstansiyasının açılışı olub. Prezident İlham Əliyev açılışda iştirak edib. “Bəhmətli” yarımstansiyası Bəhmətli, Suvagil, Dağlı, Mosul, Yengiyan, Lahıc, Kürdəmir, Muğanlı, Qandax, Kəpənəkçi, Çüdülübinə kəndlərinin və Əliabad qəsəbəsinin 9 minə yaxın abonentini keyfiyyətli elektrik enerjisi ilə təmin edəcək.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR