Prezident İlham Əliyev Balakəndə olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Balakənə səfər edib. APA TV-nin məlumatına görə, dövlət başçısı Su Elektrik Stansiyasının açılışında iştirak edib. Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev dövlət başçısına stansiya barədə məlumat verib. Bildirilib ki, Balakən çayı üzərində tikilmiş və ümumi gücü 1,5 meqavat olan bu stansiyanın təməlini prezident İlham Əliyev 2010-cu ildə qoyub. Stansiya texniki göstəricilərinə görə olduqca səmərəli və müasirdir. Layihə çərçivəsində burada hündürlüyü 5,6 metr olan bənd tikilib. Bəndin maksimum eni 28, qaşının eni isə 4 metr təşkil edir. İldə 10 milyon kilovat-saat elektrik enerjisi istehsalı gücünə malik stansiya rayonun tələbatının 15 faizini, Balakən şəhərinin tələbatının isə 25-30 faizini ödəyəcək.

 

Prezident İlham Əliyev Balakən şəhərində inşa olunan Bayraq Muzeyinin də açılışında iştirak edib. Dövlət başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib. Məlumat verilib ki, muzeyin tikintisinə 2017-ci ilin fevralında başlanılıb və bu ilin iyulunda başa çatdırılıb. Balakən Rayon İcra Hakimiyyətinin sifarişi əsasında inşa edilən muzey binasının ümumi sahəsi 510 kvadratmetrdir. Binada zallar və konfrans otağı yaradılıb. Ekspozisiya zalında maraqlı eksponatlar sərgilənir.

 

Prezident İlham Əliyev Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun açılışında iştirak edib. “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlət başçısına yolun texniki göstəriciləri barədə məlumat verib. Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən bu il istifadəyə verilməsi nəzərdə tutulan və kəndlərarası 40 avtomobil yolu layihələrindən biri olan Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun uzunluğu 24,5 kilometr, eni isə 10 metrdir. Avtomobil yolu texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə inşa edilib. Layihə çərçivəsində yol boyunca 14 suötürücü boru və uzunluğu 18, eni isə 7 metr olan körpü tikilib, yol təhlükəsizlik dirəkləri, yol nişanları və məlumatverici lövhələr quraşdırılıb.

 

Diqqətə çatdırılıb ki, Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun tikintisi 15 yaşayış məntəqəsinin 44 min nəfər əhalisinin gediş-gəlişini xeyli rahatlaşdıracaq.

 

Prezident İlham Əliyev yeni yolun rəmzi açılışını bildirən lenti kəsib.

 

Azərbaycan prezidenti Balakəndə “ABAD Mərkəz”in açılışında iştirak edib. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov “ABAD” layihəsi çərçivəsində görülən işlər barədə dövlət başçısına məlumat verib. “ABAD” Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən və 2016-cı il sentyabrın 23-də yaradılan publik hüquqi şəxsdir. O, Dayanıqlı İnkişaf Məqsədlərinin əldə olunmasına dəstək verməyi nəzərdə tutan yeni sosial innovasiya konsepsiyasıdır. Layihənin məqsədi kiçik və orta sahibkarlığın inkişafına, məşğulluq səviyyəsinin artırılmasına, rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına, ölkədə regionların və kənd təsərrüfatının inkişafına dəstək verməkdir. Qeyri-kommersiya və sosialyönümlü qurum olan “ABAD” yeganə ictimai təşkilatdır ki, ailə təsərrüfatının “ideyadan rəflərə” daşınmasına kömək edir.

 

“ABAD Mərkəz” ilə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR