Cocuq Mərcanlı sakinləri işlə təmin edilir

"Azərxalça" ASC-nin İdarə Heyəti Cocuq Mərcanlıya səfər edib. APA TV-nin  Qarabağ bürosunun məlumatına görə, məqsəd yeni qəsəbə sakinləri arasında işsizliyin aradan qaldırılması üçün zərif cinsin nümayəndələrini toxuculuğa cəlb etməkdir.

"Azərxalça" ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov qəsəbə sakinləri ilə görüşdə bildirib ki, ilkin olaraq 30-a yaxın qadın daimi iş yerləri ilə təmin olunacaq. İşə cəlb olunan qadınlar Horadizdə fəaliyyət göstərən xalçaçılıq sexində daimi işlə təmin olunacaq. Onların Horadizə gedib gəlmələri üçün nəqliyyat vasitəsi ayrılacaq. Maraqlanan gənclər isə təlimlərə qoşulacaq.  Yaşlı nəslin nümayəndələrinin isə təcrübələrindən istifadə olunacaq.  Yaxın gələcəkdə isə  hanalar  ya evlərdə qurulacaq, ya da yeni qəsəbə hazır olduqdan sonra filal açılacaq.

Vidadi Muradovun sözlərinə görə,  Azərbaycanın  tarixi xalçaçılıq mərkəzlərindən biri olan Cəbrayılın və Qarabağ, Muğan, Təbriz, Ərdəbil çeşniləri əsasında yerli kaloritə uyğun xovlu və xovsuz xalçalar, xalça məmulatları toxunacaq: "Xüsusən də Cəbrayıl rayonunun bütün kəndlərində həm xovlu, həm də xovsuz xalçalar toxunub.  Biz də istəyirik ki, bu insanlar bu ənənə itirməsin.  Horadizdə bu gün 80-90 nəfər toxucu qadın var ki, Qarabağın çeşnilərini toxuyur. Bu il Azərbaycanın 10 rayonunda, 2018-ci ildə yenə 10 rayonda filiallar açılacaq. 2019-cu ildə isə yenə də 10  filial açılacaq ki, bu, 4500 toxucu deməkdir. Əgər biz görsək ki, toxucuların sayı çoxdur, biz yenə toxuculara müraciət edib, başqa yerlərdə də  filialların açılmasını təşkil edəcəyik.

"Azərxalça"nın apardığı təhlillər, hesablamalar göstərir ki, respublikanın  bütün rayonlarında xalçaçılıqla məşğul olmaq istəyən toxucuların, həmçinin bu sənətə həvəs göstərənlərin sayı yetərincədir. Hazırda  "Azərxalça"  10 rayonda öz yerli filiallarını yaradır. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR