ABŞ-dan öz vətəndaşlarına çağırış: "Təcili olaraq Şimali Koreyanı tərk edin!"

Dövlət Departamenti Şimali Koreya ərazisində olan ABŞ vətəndaşlarını sentyabrın 1-dək bu ölkəni tərk etməyə çağırıb. APA TV-nin məlumatına görə, bundan əvvəl ABŞ vətəndaşlarına sentybarın ilk günündən etibarən Şimali Koreyaya səfər etmək qadağan olunmuşdu. Dövlət Departamenti bu qadağanı "ABŞ vətəndaşlarını gözləyən həbs və uzun müddətə azadlıqdan məhrumetmə riskinin olması" ilə əlaqələndirib. 

 

Dövlət Departamenti həmçinin bəyan edib ki, ABŞ pasportları Şimali Koreyaya səfər etmək, yaxud bu ölkədən tranzit keçid məqsədilə istifadə oluna bilməz. Pasportlardan istifadəyə qoyulan qadağanın müddəti bir ildir. Qadağa yalnız jurnalistlərə və humanitar təşkilatların əməkdaşlarına, ABŞ-ın milli təhlükəsizlik maraqları çərçivəsində Şimali Koreyaya səfər edənlərə şamil olunmayacaq. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR