Qəbələ Beynəlxalq Musiqi Festivalı davam edir

Xarici ölkələrdə musiqi təhsili alan Azərbaycanın gənc istedadları Qəbələ festivalının tamaşaçılarına unudulmaz anlar yaşadıb. APA TV-nin məlumatına görə, növbəti kamera konserti də olduqca maraqlı ifalarla yadda qalıb.


Səhnəyə çıxan Azərbaycanın tanınmış gənc musiqiçiləri-bir sıra beynəlxalq müsabiqələrin laureatı, adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na daxil edilən, Prezident təqaüdçüsü, hazırda İtaliyanın Ozimo şəhərində təhsil alan Məhərrəm Hüseynov (bariton), İtaliyanın Milan şəhərindəki "La Scala" Akademiyasında təhsilini davam etdirən Azər Rzazadə (tenor), "La Scala" Akademiyasının uşaq xorunun üzvü olan 9 yaşlı, italiyalı Canluicci Sartori (tenor) və Y. Obraztsova adına Beynəlxalq Musiqi Akademiyasının solisti Elnarə Məmmədova (soprano) bəstəkar S. Raxmaninov, C. Puccini, F. Bədəlbəyli, A. Məlikov, G. Hendel, A. Zeynallının unudulmaz əsərlərini ifa ediblər.


Musiqiçiləri pianoda bir neçə beynəlxalq müsabiqələrin qalibi, Bratislava Musiqi və İfaçılıq Sənəti Universitetinin məzunu Müşfiq Quliyev müşayİət edib. Konsert alqışlarla qarşılanıb.

 
Daha sonra səhnədə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olub.


Möhtəşəm musiqi axşamında orkestri xalq artisti, "Şöhrət" və "Şərəf" ordenli, dirijor Rauf Abdullayev və əməkdar artist, dirijor Fuad İbrahimov, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə (piano), Bakı Musiqi Akademiyasının prorektoru, professor Yeganə Axundova (piano), Sloveniyanın Lyublyana Musiqi Akademiyasının professoru Moyka Zlobko Vayql (arfa), İtaliyanın Emilya Romanya Festivalının bədii rəhbəri Massimo Mercelli (fleyta) müşayiət edib. Konsertdə Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib.

Müəllif | Apa.Tv
Elvin Yaqubov

OXŞAR XƏBƏRLƏR