Binanın qarajı üçün bünövrə qazdılar, Bakı sakininin evi qəzalı vəziyyətə düşdü - PROBLEM

Bəxtiyar Rəcəbov nə az, nə çox, düz 30 ildir Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani, 146 ünvanında yaşayır.

 

Ailəsi ilə birlikdə iki otaqlı mənzildə yaşayan Bəxtiyar müəllimin evi qəzalı hazırda vəziyyətdədir. Qəzaya səbəb evin yanında yeni istifadəyə verilmiş binasının zirzəmisində avtodayanacağın tikintisidir.

 

Bu avtodayanacaq Bəxtiyar müəllimin mənzilinin arxa divarına bitişikdir. Tikinti başladıqdan sonra təxminən bir aydır bu ailə qorxu və həyəcan içində yaşayır.

 

Qəzalı vəziyyətə düşən evin divarında dərin çatlar əmələ gəlib.

 

"Burada "RŞC" MTK tərəfindən ev tikilib. Məni və ailəmi narahat edən evimin arxa divarının özülündə dərin quyunun qazılmasıdır. Ev zədələnib, qəzalı vəziyyətdədir. Sizə müraciət etməkdə məqsədim budur ki, tikintinin ya qarşısı alınsın, yada evin qəzalı vəziyyətdən çıxarılması üçün əlavə tədbirlər görülsün. Hazırda qaraj üçün quyu qazırlar. Divara bitişik olan bu quyunun dərinliyi 4 metrə yaxındır. Aidiyyəti qurumlardan xahiş edirəm mənim və ailəmin yaşadığı bu problemə biganə qalmasınlar".

 

Bəxtiyar Rəcəbovun sözlərinə görə, o, dəflərlə tikinti aparan şirkətin təmsilçiləri ilə görüşüb, ona bu işdə yardımçı olmalarını xahiş edib. Buna baxmayaraq biganəlik davam edir.

 

"Mənzil İstismar İdarəsinin mühəndisi əraziyə baxış keçirib. Nəticəsini soruşuram, mühəndis deyir ki, mən deyiləni elədim, vəziyyətlə tanış oldum. Mənzil İstismar Sahəsindən ekspertiza tələb etdim ki, baxılsın, fotolar çəkilsin. Onlar isə bunun  üçün səlahiyyətləri olmadığını bildirdilər. Tələbim odur ki, divarım zədələnib. Mənə kompensasiya ödənilsin, divarımı təmir etdirim və yaxud da özləri təmir etdirsin. İnanın ki, o quyu qazıldıqca həyəcandan yatmaq da olmur. Qorxuruq ki, ev üstümüzə uçar. Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə zəng etmişəm. Problemimə biganə yanaşmadılar. Onlar məsələnin araşdırılmasını Nərimanov rayon İcra Hakimiyyətinə həvalə ediblər. İcra hakimiyyəti isə araşdırmanı 53 saylı Mənzil İstismar Sahəsinə tapşırım".

 

53 saylı Mənzil İstismar İdarəsinin rəisi İslam Quliyev baş verənlərdən xəbərsiz olduğunu deyir, mənzilə baxış keçirmiş mühəndis Edson İmanov isə vəziyyəti APA TV-yə belə dəyərləndirib:

 

"Vətəndaşın yaşadığı ünvanda hündürmətrəbəli binanın zirzəmi hissəsinə girişdə qazıntı zamanı onun evinə müəyyən qədər ziyan dəyib. Nərimanov rayon İcra Hakimiyyətinin göstərişi ilə sözügedən ünvana baxış keçirilib və iyulun 31-də tərəfimizdən akt tərtib olunub. Aktda da göstərilib ki, "RŞC"  MMC-yə aidiyyatı olan hündürmərtəbəli binanın yan hissəsində dərinliyin qazılıb açılması nəticəsində vətəndaşın 1 otağının arxa və yan divarlarında xırda çatlar əmələ gəlib. Aktın doğruluğunu da öz imzamızla təsdiq etmişik".

 

"RŞC" MMC-nin rəsmiləri görüşmək cəhdimiz baş tutmayıb. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR