Masallı sakini bıçaqlanaraq qətlə yetirildi, qatilin kimliyi məlum deyil - HADİSƏ

Masallıda 33 yaşlı gənc bıçaqlanaraq qətlə yetirilib. APA TV-nin Cənub bürosunun verdiyi məlumata görə, hadisə Masallının Şatıroba kəndində qeydə alınıb. Kənd sakini 33 yaşlı Təyyar Quliyev səhər saatlarında kənd stadionunun yaxınlığında yaralı vəziyyətdə aşkar edilib. Hadisə yerinə dərhal polis əməkdaşları çağırılıb. Yaralı yaxınlıqdakı insanların köməkliyi ilə Masallı rayon mərkəzi xəstəxanasına aparılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

 

Təyyar Quliyevin nəşi Səhiyyə Nazirliyinin  Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb. İlkin müayinə zamanı onun üzərində üç bıçaq yarası aşkarlanıb. Hadisənin kim və ya kimlər tərəfindən törədildiyi məlum deyil. Yaxınlarının sözlərinə görə, Təyyar subay olub və mütəmadi olaraq dostları ilə yeyib-içib, şənlənirmiş.

 

Mərhumun əmisi Cümşüd Quliyev hadisə barədə səhər xəbər tutduqlarını deyib: "Səhər xəbər gəldi ki Təyyarı vurublar. Necə olub, bilmirəm. Polislər gəldi, masallıya xəstəxanaya apardılar. Orada ölüb. Heç kim bilmir kim vurub".

 

Təyyar Quliyevin dayısı Xanəli Fəttayev hadisənin təfərrüatını dəqiqliklə bilmədiklərini deyib: "Adi bir vətəndaş idi, dostu da vardı, düşməni də. Cavan oğlan idi, daha demək mümkün deyil ki, hadisə necə olub".

 

Faktla bağlı Masallı rayon prokurorluğunda cinayət işi başlanıb. Araşdırma aparılır.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR