Qəbələ festivalında ABŞ və İsrail musiqiçilərinin konsertləri olub

IX Qəbələ Beynəlxalq Musiqi Festivalı maraqlı ifalarla yadda qalır.


APA TV-nin yerli bürosunun məlumatına görə, Qəbələ festivalının tamaşaçıları qarşısında daha 2 xarici ölkənin tanınmış musiqiçisi çıxış edərək möhtəşəm ifa nümayiş etdirib. Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında Azərbaycan, İsrail və ABŞ musiqiçilərinin konserti olub. Bir səhnədə yer alan tanınmış musiqiçilər - Azərbaycan Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlzadə, İsrailin Yerusəlim Simfonik Orkestrinin konsertmeysteri, Yerusəlim Musiqi Konservatoriyasının müəllimi, violin ifaçısı Janna Qandelman, festivalın bədii rəhbərlərindən biri, "Kiyev virtouzları" Orkestrinin musiqi rəhbəri, İsrailin Yerusəlim Simfonik Orkestrinin dirijoru,  violonçel ifaçısı Dmitri Yablonski, Tel-Əvivdə "Buchman-Mehta" Musiqi Akademiyasının, Sadna Konservatoriyasının müəllimi, valtorna ifaçısı Mixail Slatkin çıxış edərək bəstəkar İohannes Brams, Fikrət Əmirov, Sergey Raxmaninovun unudulmaz əsərlərini ifa ediblər. Festivalı Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin səfirləri də izləyir: "Azərbaycan bütün dünyaya necə bir ölkə olduğunu sübut edir, biz musiqisevərləri sevindirir. Bu festivalda kiçik də olsa Rusiyaya məxsus komponent görməkdən son dərəcə məmnunam. Bu, Rusiya-Azərbaycan münasibətlərinin elementlərindən biridir. Onu deyə bilərəm ki, Festival məndə xoş təəssürat buraxdı".

Londonda yaşayan peşəkar azərbaycanlı musiqiçi isə tamaşaçı marağından razı qaldığını bildirib: "Orkestrimiz 2008-ci ildən fəaliyyət göstərir. Bu, 50-ci illərdən sonra İngiltərədə yaradılmış ilk kamera orkestridir. Buna qədər "BBC World News" telekanalı və "London Live" radiosunun efirində çıxış etmişik. Daha sonra Omanda bizi keçirilən Qadınlar günü, habelə Paris və Londondakı konsertlərə dəvət ediblər. Bu gün isə doğma vətənimdə çıxış etməkdən çox məmnunam".

Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə IX Qəbələ Beynəlxalq Musiqi Festivalında yeniliklərin olduğunu deyib: "Bu il ilk dəfədir ki, Azərbaycandan festivalda 4 orkestr iştirak edir. Bu il açılışda tamaşa qoyulub. Çox maraqlı idi. İlk dəfədir ki, "Leyli və Məcnun" tamaşası qoyulmuşdu"


Qeyd edək ki, Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin və "Gilan Holdinq"in dəstəyi ilə keçirilən IX Qəbələ Beynəlxalq Musiqi Festivalı avqustun 3-də başa çatacaq.            

Müəllif | Apa.Tv
Elvin Yaqubov

OXŞAR XƏBƏRLƏR